İQTİSADİYYAT


Dəniz və çaylarda suyun azalması enerji istehsalına necə təsir edir?

“Azərenerji” su qıtlığına görə tədbirlərini genişləndirir

Bakı, 29 mart, AZƏRTAC

Son illər su anbarlarında, çaylarda, o cümlədən Xəzər dənizində su səviyyəsinin düşməsi “Azərenerji”nin balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına və sudan soyutma məqsədilə istifadə edilən istilik elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir edir. Bu səbəbdən də su ehtiyatlarından səmərəli və planlı istifadə edilməsi Prezidentin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində koordinasiya olunur.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, su qıtlığına görə fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşən ən böyük elektrik stansiyalarında qabaqlayıcı tədbirlər görülərək, kompleks işlər həyata keçirilir. Belə ki, Xəzər dənizində su səviyyəsinin kəskin düşməsinə görə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında dənizin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisi aparılır. Buna qədər “Azərenerji” tərəfindən “Sumqayıt” Elektrik Stansiyasında 750 metr uzunluğunda estakada və su nasos stansiyası tikilərək istismara verilib. Kür çayında su səviyyəsinin enməsinə görə ölkənin üçüncü böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib. Həmçinin Şəmkir su anbarında su itkisinə səbəb olmaqla yanaşı, real təhlükə mənbəyinə çevrilən 160 metr uzunluğunda 3 tuneldən ibarət su tullayıcı qurğu tamamilə yenidən qurulub.

Qeyd edək ki, ölkədə elektrik enerjisinə tələbatın pik dövrləri yay və qış fəsillərinə təsadüf edir. Ona görə də sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılması həm məhdud su ehtiyatlarına qeyri-suvarma dövründə qənaət etməyə, həm də su elektrik stansiyalarında istehsalın suvarma dövründə artırmağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.