CƏMİYYƏT
Dənizdə tapılan naməlum kişi meyitinin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir
Bakı, 25 may, AZƏRTAC
Dənizdə tapılan naməlum kişi meyitinin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.
Xəbəri AZƏRTAC-a “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neftyığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargahdan veriblər. Həmçinin bildirilib ki, qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 saylı neftyığım məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.