CƏMİYYƏT


Dənizkənarı Milli Park – 20 il

Bakı, 29 dekabr, AZƏRTAC 

Dənizkənarı Bulvar Azərbaycan Respublikası vətəndaşlarının və ölkəmizə gələn xarici qonaqların sevimli istirahət guşələrindən biridir. Bakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı Bulvar maddi mədəniyyətimizin həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən sayılır. Azərbaycan paytaxtının əvəzsiz nümunələrindən olan Bakı Bulvarına “Milli Park” statusu verilməsindən 20 il ötür. AZƏRTAC Dənizkənarı Bulvar İdarəsi İdarə Heyəti sədrinin müavini Elşən İsgəndərovun bununla bağlı qeydlərini təqdim edir.

- Ümummilli Lider Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı Fərmanla Dənizkənarı Bulvara “Milli Park” statusu verilib. Ulu öndər Heydər Əliyev mühüm əhəmiyyət kəsb edən bu Fərmanında Bulvarın Bakı şəhəri üçün tarixi-mədəni əhəmiyyətini vurğulayaraq onu “Azərbaycanın milli sərvəti” adlandırmışdı. Bu tarixi Fərmanla Dənizkənarı Milli Park ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmandan sonra Dənizkənarı Milli Parkın yeni inkişaf dövrü başlayıb. Məhz Ulu Öndərin qayğısı nəticəsində Dənizkənarı Milli Parkın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, bərpası və inkişafı baxımından çoxsaylı işlər görülüb. Park xüsusi ekoloji, tarixi və estetik əhəmiyyətə malik məkandır. Burada Azərbaycanda və dünyada nadir, unikal olan xeyli sayda bitki növləri mühafizə olunur.

Son illər Bakı Bulvarı dünyanın ən müasir dənizkənarı parklarından birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2010-cu ildən etibarən bulvar ərazisində genişmiqyaslı yenidənqurma, abadlıq, quruculuq işləri aparılıb. Bulvarın ərazisi “Ağ şəhər” və Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilib. Dövlətimizin başçısının tapşırıq və tövsiyələri əsasında müasir dövrdə parkın siması tamamilə yenilənib. Görülən işlər nəticəsində bulvarda yeni gözoxşayan əyləncə, istirahət obyektləri tikilib, əhalinin mənəvi-estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıb.

Köhnə bulvar ərazisində Park Bulvar, Bakı Biznes Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Yeni Bulvar ərazisində Bayraq Meydanı, Bakı Kristal zalı, Bayıl bulvarı ərazisində Yarat Müasir İncəsənət Mərkəzi, Daş salnamə muzeyi, Su İdmanı Sarayı kimi yeni əhəmiyyətli memarlıq obyektləri inşa olunub. Dənizkənarı Milli Parkın Bayıl bulvarı ərazisində inşa edilmiş yeni mədəniyyət və incəsənət obyektləri xalqımızın istirahətini təmin etməklə yanaşı, milli-mənəvi irsimizi də təbliğ edir. Bundan əlavə, Azərbaycanın Milan “Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub. Sahilboyu işıqlandırma, yeni fəvvarələr, digər yeniliklər bulvarın görünüşünü dəyişib. Bulvarın demək olar ki, simvoluna çevrilmiş “Mirvari” kafesi, “Venesiya” su şəhərciyi əyləncə və istirahət məkanı, dənizin içərisinə doğru uzanan estakadalar, bir çox başqa əyləncə yerləri və attraksionlar, gözəl yaşıllıqlar zolağı bulvarın ən gəzməli və görməli yerlərindəndir. Bu sırada Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksi xüsusi yer tutur. İlk dəfə 1960-cı illərdə qurulan “Qu quşları fəvvarə kompleksi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə öz ilkin memarlığının prototipi əsasında yenidən bərpa olundu. Təkcə paytaxt sakinlərinin deyil, turistlərin də böyük maraq göstərdiyi bu məkan gözəlləşən Bakının görkəminə daha bir xoş ovqat gətirdi. Bu ansamblın yenidən öz tarixi simasını bərpa etməsi nəticəsində Bakı Bulvarının siması daha da gözəlləşdi.

Son illərdə Dənizkənarı Milli Parkda yaradılan infrastruktur sayəsində burada respublika və şəhər əhəmiyyətli, eləcə də bir sıra nüfuzlu beynəlxalq idman və mədəniyyət tədbirləri keçirilməsi üçün hər cür şərait var.

Bunların sırasında 2012-ci il Avroviziya mahnı müsabiqəsi, Şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışları və 2016-cı il Dünya Şahmat Olimpiadası, 2015-ci il İlk Avropa Oyunları və 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının bir sıra yarışlarının təşkili, hər il Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Bu gün Dənizkənarı Milli Park yeni inkişaf mərhələsini yaşayır. Mübaliğəsiz demək olar ki, Dənizkənarı Milli Parkımız gün-gündən gözəlləşən, qədim və müasir Bakının mənzərəsinə özünəməxsus rəng qatır. İlin fəslindən asılı olmayaraq, hər gün yüzlərlə insan bu istirahət mərkəzinə baş çəkir, yaradılan şəraitdən zövq alır. Azərbaycan paytaxtının incisi olan Dənizkənarı Milli Park hər birimizin öyünə, qürur duya biləcəyi bir ünvandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.