REGİONLAR
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
Xaçmaz, 15 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 15-də Xaçmazda keçirilən seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirdiyi tədbirdə rayon icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, fermer təsərrüfatlarının nümayəndələri iştirak ediblər.
Seminarda çıxış edənlər taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıblar. Meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında duran əsas məsələlər diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb, yanğınsöndürmə balonlarının iş prinsipi barədə ətraflı məlumat verilib.