CƏMİYYƏT
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 23 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi aprelin 23-də dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə şəhərində regional seminar-müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələrinin iştirak etdiyi “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.