SİYASƏT
Deputat: 1915 il hadisələrinin “erməni soyqırımı” adlandırılması ABŞ-ın dövlət siyasətinin erməni lobbisinin təsiri altında aparılmasına sübutdur
Bakı, 25 aprel, AZƏRTAC
ABŞ prezidenti Baydenin heç bir real tarixə və hüquqa söykənmədən 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Bayden tərəfindən 1915 il hadisələrinin “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik olmaqla yanaşı, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında aparılmasına sübutdur. Demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi, saxta “erməni soyqırımı”nın da ABŞ və digər ermənipərəst dövlətlərin başqa ölkələrə təzyiq aləti olduğunu sübut etdi. Saxta “soyqırımı”nı tanıyan digər ölkələr öz tarixlərinə diqqətlə baxsalar, çox yaxşı olar. Prezident İlham Əliyevin Co Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakarlığına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir.
M.İbrahimqızı Türkiyə rəsmilərinin, o cümlədən Prezident Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, Osmanlı arxivini açmaları və ortaq komissiya yaradılması təklifi irəli sürməsinə baxmayaraq, heç bir ölkədən cavab almayıb. 29 il bundan əvvəl baş vermiş və ABŞ-ın da bəzi ştatlarının “soyqırımı” kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi, tibb dilində desək, retroqrad amneziyadır. Heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını poza bilməz. Bu Birliyin gücü ötən il 44 günlük Vətən müharibəsində qazandığımız ZƏFƏRLƏ dünyaya nümayiş olundu. Biz birlikdə güclüyük. Biz bizə yetərik.