İQTİSADİYYAT


Deputat: 2018-ci ildə Azərbaycan böyük iqtisadi uğurlara imza atdı

Bakı, 4 yanvar, AZƏRTAC

2018-ci ildə ölkəmizdə ümumi daxili məhsulda, qeyri-neft sektorunda, sənayedə artım olub. İqtisadiyyata 10 milyard dollar investisiya qoyulub, ixrac 40 faiz artıb, Azərbaycanın biznes potensialı xeyli güclənib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Aparılan islahatları Dünya Bankı yüksək qiymətləndirib. Bundan başqa, ötən il ərzində ölkəmizdə müasir texnologiyanın inkişafına böyük önəm verilib. Üçüncü peykimizin orbitə buraxılmasını buna misal göstərmək olar.

Azərbaycan dövlətinin böyük iqtisadi uğurlara imza atdığını deyən deputat ölkəmizin iştirakı ilə mühüm beynəlxalq layihələrin reallaşdığını vurğulayıb. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Ötən ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. 2018-ci ildə Ələt Ticarət Limanının açılışı da olub. Bu layihənin reallaşması təkcə Azərbaycan üçün deyil, Avrasiyanın nəqliyyat infrastrukturu üçün böyük əhəmiyyətə malikdir. Güclü nəqliyyat infrastrukturu Azərbaycanın tranzit imkanlarını artıracaq.

A.Hüseynov ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də önəmli addımların atıldığını söyləyib. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan diplomatiyasının 2018-ci ildə Dağlıq Qarabağ məsələsində hansı üstün və ciddi mövqelərə malik olduğunu çox dəqiq göstərdi. 2018-ci ildə görülən işlərin davamı olaraq Azərbaycan 2019-cu ildə münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərə nail olmağı hədəfləyib və buna doğru gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.