SİYASƏT
Deputat: ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı bəyanatının heç bir tarixi və hüquqi əsası yoxdur
Bakı, 27 aprel, AZƏRTAC
ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı bəyanatının heç bir tarixi və hüquqi əsası yoxdur, beynəlxalq münasibətlər sistemində hələ də ikili standartlar siyasətinin davam etməsinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Co Baydenin bəyanatının Türkiyənin regionda müstəqil siyasət yürütməsi, fəal geosiyasi oyunçulardan birinə çevrilməsinin yaratdığı narahatlıqdan irəli gəldiyini bildirən S.Məmmədov qeyd edib ki, “soyqırımı” iddiaları hər zaman Türkiyəyə təzyiq məqsədilə istifadə olunub. Deputatın fikrincə, bu cür bəyanatlar Türkiyənin mövqeyinə və yürütdüyü siyasətə təsir göstərmək iqtidarında deyil.
Soltan Məmmədov ABŞ konqresinin hər iki palatasının bir neçə il əvvəl qondarma “soyqırımı” tanıyan qərarlar qəbul etdiyini xatırladaraq deyib: “ABŞ Nümayəndələr Palatası 2019-cu ildə “erməni soyqırımı” iddialarını qəbul edən qətnamə çıxarıb. Daha sonra Senat 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanun layihəsini təsdiqləmişdi. Lakin Tramp hökuməti bu qərarlarla razılaşmadığını bəyan etmişdi. Yəni, ABŞ-da bu məsələ həmişə gündəmdə saxlanılıb. Burada təbii ki erməni lobbisi və diasporunun fəaliyyətinin təsiri var. Lakin fikrimcə, Türkiyənin fəaliyyət imkanlarını məhdudlaşdırmaq istəyən siyasi dairələrin rolu daha böyük təsirə malikdir”.
Milli Məclisin deputatı qeyd edib ki, soyqırımı cinayətlərinə 1948-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” əsasında hüquqi qiymət verilir. Hüququn ümumi prinsiplərinə görə isə qanunun qüvvəsi geriyə şamil edilmir. “1951-ci ildə qəbul olunan “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” 1915-ci ildə baş verdiyi iddia olunan hadisələrin qiymətləndirilməsində hüquqi meyar kimi çıxış edə bilməz. Eyni zamanda, həmin Konvensiyanın 9-cu maddəsinə görə soyqırımı cinayətlərinə hüquqi qiyməti yalnız Beynəlxalq Ədalət Məhkəməsi verə bilər. Yəni, hansısa dövlətin bu cür iddialara hüquqi qiymət verməsi beynəlxalq hüququ da tanınmır. Bu baxımdan istənilən ölkənin “erməni soyqırımı” ilə bağlı iddiaları, qətnamə və qərarları yalnız siyasi xarakter daşıyır və beynəlxalq hüquqda heç bir hüquqi nəticə doğura bilməz”, - deyə deputat vurğulayıb.
Soltan Məmmədov bildirib ki, 1915-ci il hadisələri zamanı erməni silahlı dəstələri 500 mindən çox insanı qətlə yetirib, 1918-ci ilin martında isə ermənilər tərəfindən Bakıda və Azərbaycanın digər regionlarında kütləvi qırğınlar törədilib. Çox da uzaq olmayan tarixdə - 1992-ci ildə Xocalıda Ermənistan silahlı birləşmələri 613 azərbaycanlını amansızlıqla məhv edib, şəhər tamamilə yerlə-yeksan edilib. Əgər ABŞ və qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr həqiqətən ədaləti müdafiə etmək niyyətindədirlərsə, o zaman bu tarixi faktlara laqeyd qalmalarının səbəbi nədir? Bu bir daha göstərir ki, Baydenin bəyanatı tarixi təhrif etmək cəhdidir. Bu cür addımlar Vətən müharibəsindən sonra yaranmış yeni tarixi reallıqda regionda davamlı sülhün, sabitliyin təmin olunması məqsədilə irəli sürülən təşəbbüslərə də ciddi zərbədir. Təəssüf ki, biz bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni təhlükəsizlik formatından narahatlığını müşahidə edirik.
Deputat Azərbaycan və Türkiyənin hər zaman olduğu kimi, indiki şəraitdə də iki qardaş dövlət kimi vahid mövqedən çıxış etdiyini vurğulayıb.