SİYASƏT


Deputat: Aİ-nin son bəyanatının Azərbaycanın maraqlarına cavab verməsi aparılan daxili və xarici siyasətin uğurlu nəticəsidir

Deputat: Aİ-nin son bəyanatının Azərbaycanın maraqlarına cavab verməsi aparılan daxili və xarici siyasətin uğurlu nəticəsidir

Bakı, 8 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdən sonra Avropa İttifaqının yaydığı bəyanat bütün proseslərin Azərbaycanın maraqlarına cavab verməsi dövlətimizin başçısının apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Deputatın sözlərinə görə, bəyanatda Minsk qrupuna heç bir istinadın olmaması bir daha göstərir ki, Moskva, Soçi və Brüsseldə baş tutmuş görüşlər Azərbaycanın mənafeyinə uyğun, eyni zamanda, səmərəli keçib. Həmçinin bəyanatda “Dağlıq Qarabağ” münaqişəsi, hətta “Qarabağ” ifadəsinin işlədilməməsi düzgün siyasi strategiyanın göstəricisidir. Bu cür qərarın verilməsi gündəlikdə, ümumiyyətlə, “Qarabağ” mövzusunun olmamasıdır. Fransa dövlətinin ATƏT-in Minsk qrupunun həmsədri olaraq bu reallığı qəbul etməsi isə məsələnin ikinci uğurlu tərəfidir. Bu baxımdan ölkələrarası münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad məsələsi, mina problemi, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər artıq gündəmdədir və onların tezliklə həllini tapacağına ümidlər böyükdür.

“Prezident İlham Əliyev çıxışında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsinin zəruriliyini bildirdi. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinin vacibliyini xüsusi vurğuladı”, - deyə C.Paşazadə bildirib.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsindən, ermənilərin törətdikləri vəhşiliklərdən də danışdı. Azərbaycan Liderinin səsləndirdiyi faktların qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir cavabı olmadı.

Prezident İlham Əliyev üçtərəfli görüşdə qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından sonra indiyədək mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb. Həqiqəti nə qədər gizlətsən də, o, əvvəl-axır üzə çıxacaq. Ermənilərin törətdikləri cinayətlər isə göz qabağındadır və bunu heç kəs inkar edə bilməz.

“Dövlətimizin başçısının yürütdüyü praqmatik siyasət çıxışında vurğuladığı məqamların tezliklə həll olunacağını deməyə əsas verir”, - deyə Cavanşir Paşazadə fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.