CƏMİYYƏT


Deputat: Ədalət mühakiməsi mexanizmlərinin səmərəli fəaliyyətinin təmini üçün görülən işlər dövlətin bu sahədə islahatları uğurla başa çatdırmaq iradəsini ifadə edir

Bakı, 5 sentyabr, AZƏRTAC

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Sumqayıtda bir sıra sosial və iqtisadi obyektlərlə yanaşı Sumqayıt Məhkəmə Kompleksinin də açılışını etdi. Təbii ki, kompleks mahiyyətcə ölkədə ilk belə təsisat deyil. Daha əvvəl Şəki, Sabunçu və Masallıda belə məhkəmə kompleksləri istifadəyə verilsə də, bu təsisat xaraktercə məhkəmə-hüquq sistemi adına yeni bir mərhələdir. Əlbəttə, söhbət tikilmiş bina, yaxud, təmin edilmiş avadanlıqlardan, yaxud, hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılması kimi texniki nüanslardan yox, qarşıya qoyulan məqsədlərdən gedir. Əminliklə demək olar ki, Sumqayıt məhkəmə kompleksin istifadəyə verilməsi ilə ölkədə məhkəmə-hüquq islahatlarının mühüm bir mərhələsinin realizəsi istiqamətində münbit şərait yaradılmış oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat qeyd edib ki, hər şeydən əvvəl, kompleksdə altı məhkəmənin - Sumqayıt apellyasiya, inzibati, kommersiya, ağır cinayətlər, Sumqayıt şəhər və müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrinin əhatələnməsi Sumqayıt kimi iri bir şəhərdə məhkəmə aidiyyəti barədə təsəvvürü olmayan şəxs üçün belə ünvan əngəllərini aradan qaldırır. Daha dəqiq desək, iri bir şəhərdə konkret məhkəmə ünvanın formalaşdırılması ədalət mühakiməsinə əlyetərlik sahəsində heç bir dilemmaya yol açılmasına imkan verməyəcək. Digər vacib bir məqam isə kompleks daxilində "bir qapı" prinsipinin tətbiqi ilə bağlıdır. Etiraf etməliyik ki, Sumqayıt kimi sürətlə böyüyən bir şəhərdə ədalət mühakiməsinin həyata keçirilməsinin çox vacib olan ilkin mərhələsində "bir qapı" prinsipinin tətbiqi sadə məsələ deyil. Hər şeydən öncə nəzərə alaq ki, kompleksdə fəaliyyət göstərən inzibati və kommersiya məhkəmələri ümumiyyətlə milli hüquq məkanımızda keyfiyyətcə yeni institutdur. Kompleksdə yerləşən ağır cinayətlər məhkəməsi təsisatı isə Azərbaycan məhkəmə-hüquq sistemində oturuşmuş olsa da Sumqayıtda bu məhkəmə qısa müddət öncə təsis olunub. Üstəlik, qeyd etdiyim birinci instansiya məhkəmələri, habelə bütövlükdə şimal regionu üçün apellyasiya instansiyası da yuxarıda adını çəkdiyimiz məhkəmələrlə bərabər yurisdiksiya baxımdan çox mürəkkəb bir zona hesab edilən şimal bölgəsimi əhatələdiyini düşünsək, məsələnin mahiyyəti bir az daha aydın olur. Lakin görünən odur ki, mövcud hakim siyasi iradə vətəndaşların məhkəmə çatımlığının daha asan və etibarlılığı, proseslərin sadələşdirilməsi istiqamətində kifayət qədər qəti və qərarlıdır.

“Bildiyimiz kimi, Prezident İlham Əliyevin hələ 2 il əvvəl "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu prosesə tam yeni bir məcrada start verilmiş, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyi yüksəldilməsi qarşıya hədəf kimi qoyulmuşdur. Bu mənada, Sumqayıt Məhkəmə Kompleksinin açılışına həm də 3 aprel Fərmanının məntiqi nəticələrindən birinə nail olunması kontekstindən, daha dəqiqi, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində prosesləri sürətləndirmək niyyətinin ali ifadəsi kimi yanaşılması doğru olar. Təbii ki, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi səviyyəsinin inklüzivlik aspekti də çox vacibdir və Kompleks bu mənada da tələbləri qarşılayır. Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini niyyəti və bu istiqamətdə intensiv addımlar fonunda inklüzivlik meyarının prioritetlərdən biri kimi zərurətə çevrilməsi sirr deyil. Bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüsləri əsasında formalaşmaqda və güclənməkdə olan "e-idarəçilik" və digər "e-sistemlər" məhkəmələrdə innovasiyaların tətbiqinin genişləndirilməsində həlledici rol oynamaqdadır”, - deyə deputat əlavə edib.

O deyib: “Təsadüfi deyil ki, məhz bu təşəbbüslərin sosial zərurətə çevrilməsinin nəticəsidir ki, hətta, inklüziv cəmiyyətin qurulması, daha doğrusu dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu yaxın 10 il üzə Azərbaycanın 5 milli prioritetindən biri kimi müəyyən olunub və məhkəmə hakimiyyətinin bu prosesdə rolunun əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə bir şəraitdə ədalət mühakiməsi mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün Sumqayıt Məhkəmə Kompleksinin timsalında müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi konseptual olaraq dövlətin islahatları uğurla başa çatdırmaq iradəsini ifadə edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.