CƏMİYYƏT


Deputat: “Ağıllı kənd” layihələri ölkənin turizm potensialının artırılmasına müsbət təsir göstərəcək

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Təbii ki, bütün işlər plan əsasında həyata keçirilir və ilk olaraq yol infrastrukturunun qurulmasına başlanılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

İşğaldan azad edilmiş ərazilərin bərpasının Azərbaycan dövlətinin əsas hədəflərindən olduğunu diqqətə çatdıran deputat bildirib ki, Prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri və mühüm layihələrin təməlini qoyması bunu bir daha sübut edir. “Dövlətimizin başçısı çıxışlarında qeyd edir ki, işğaldan azad edilmiş ərazilərimiz yaxın illər ərzində ən müasir formada yenidən qurulacaq və bu ərazilər ölkəmizin, eyni zamanda regionun inkişaf etmiş əsas bölgələrindən biri olacaq. Bölgənin “yaşıl enerji” zonası elan edilməsi və ən müasir texnologiyalar əsasında infrastrukturun yaradılması üçün həyata keçirilən işlər deyilənləri təsdiqləyir. İlk olaraq təməli qoyulan yaşayış massivinin də məhz “ağıllı kənd” konsepsiyası əsasında olması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçiriləcəyindən xəbər verir”, - deyə deputat qeyd edib.

C.Osmanov diqqətə çatdırıb ki, Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” layihəsi bu istiqamətdə icrasına başlanılan pilot layihədir və ölkə ərazisində bu bir ilkdir. “Ağıllı kənd” layihəsi əsasən 5 komponenti - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edəcək. İlk növbədə, ərazidə tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikilməsi nəzərdə tutulub ki, bu da ev daxili mühəndis kommunikasiya və isitmə sistemləri ilə ağıllı texnologiyalara əsaslanacaq. “Ağıllı kənd” layihəsi çərçivəsində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Deputat diqqətə çatdırıb ki, “Ağıllı kənd” layihəsinin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətləri yaxından iştirak edəcəklər və bu şirkətlər müvafiq olaraq müxtəlif sahələri əhatə edən infrastrukturu yaratmaqla məşğul olacaqlar. Onun sözlərinə görə, qardaş Türkiyədən olan şirkət “ağıllı kənd”də müasir texnologiyalar əsasında enerji təsərrüfatını yaradacaq ki, burada da bərpaedilən enerji qurğusu “Arximed” sistemindən istifadə ediləcək. Kəndin daxili enerji ehtiyacı tamamilə ödəniləcək və artıq qalan enerjinin satışı həyata keçiriləcək. Bu qurğudan çıxan isti su kənddəki evlərə və otelə veriləcək. “Arximed” enerji qurğusu, eyni zamanda, suyu oksigenləşdirdiyi üçün balıqçılıq təsərrüfatı və yaşıllıqların yaradılmasına imkanlar yaradacaq, turizm potensialının artırılmasına müsbət təsir göstərəcək.

Layihə çərçivəsində xarici şirkətlərin fəaliyyətini yüksək qiymətləndirən deputat bildirib ki, Çinin “Huawei” şirkəti isə ən müasir texnologiyalar əsasında “ağıllı tədris”, “ağıllı səhiyyə”, “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcək. Bu da kənd sakinlərinin müasir standartlara əsaslanan yaşayış tərzinin təmin olunması deməkdir. İtaliya və İsrail şirkətləri isə əsasən “ağıllı kənd təsərrüfatı” sistemlərinin qurulması işləri ilə məşğul olacaqlar. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı müasir standartlar əsasında yüksək texnologiyalarla həyata keçiriləcək.

Onun sözlərinə görə, ümumilikdə “ağıllı kənd” layihəsi ilə tanış olduqda, yaradılacaq kəndin innovativ yaşayış məntəqəsi olacağını zənn etmək heç də çətin deyil. İnsanlarımız “ağıllı kənd”də çox rahat formada yaşayacaq, iş prosesləri yüngülləşdirilmiş və müasir texnologiyalarla təchiz edilmiş olacaqdır.

“Ağıllı kənd” layihəsi yalnız Zəngilanla məhdudlaşmayacaq, işğaldan azad edilmiş bütün ərazilər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bu barədə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı da geniş məlumat verib və Ağdamın bu konsepsiyaya əsaslanan Baş planı təqdim edilib.

Otuz il müddətində Ermənistanın işğalda saxladığı və davamlı olaraq ekoloji terrora məruz qoyduğu ərazilərimizə bu gün yeni nəfəs verilir, bərpa-quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir”, - deyən Cavid Osmanov diqqətə çatdırıb ki, hərbi əməliyyatlar başa çatan ilk günlərdən azad edilmiş ərazilərin bərpasına start verilməsi və quruculuq işlərinin ən müasir texnologiyalar əsasında həyata keçirilməsi Azərbaycan dövlətinin gücündən, qüdrətindən, eyni zamanda, müasir texnologiyalara hər zaman açıq olduğundan xəbər verir. İşğaldan azad edilmiş ərazilərimizin “yaşıl enerji” zonası elan edilərək “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında qurulması müasir dünyanın əsas problemlərindən olan ekologiya və ətraf mühitin çirklənməsinin qarşısını almış olacaq. Bu da öz növbəsində bölgənin turizm cəlbediciliyinin daha da artmasına mühüm töhfələr verəcək.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri yaxın illər ərzində tamamilə yekunlaşacaq və bu ərazilər dünyanın ən gözəl guşələrindən birinə çeviriləcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.