CƏMİYYƏT


Deputat: Azad olunmuş ərazilər minalardan təmizlənəndən sonra iqtisadi inkişafın stimullaşdırılması sahəsində daha uğurlu nəticələr ortaya qoyulacaq

Bakı, 5 avqust, AZƏRTAC

Regionların inkişafı ölkə siyasətində prioritet məsələlərdən biridir. 2005-ci ildən etibarən Azərbaycanda bu istiqamətdə daha böyük işlər görülməsinə başlanılıb və büdcə vəsaitlərinin də əhəmiyyətli hissəsi bu sahəyə ayrılıb. Bu zaman regionlarda iş yerlərinin açılması, mədəni mərkəzlərin, xüsusi obyektlərin şəbəkəsinin genişləndirilməsi, biznes infrastrukturunun inkişafı əsas götürüldü və bu istiqamətdə də çoxsaylı addımlar atıldı. Görülən işlər çərçivəsində nəqliyyat infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildi. Demək olar ki, ölkənin əksər kənd və rayonlarının asfaltlanması, yolların çəkilməsi prosesi başa çatdı. Bununla yanaşı, respublikanın regionlarının qazlaşdırılması istiqamətində də mühüm addımlar atıldı. Burada həm də strateji məhsulların istehsalı ilə bağlı mövcud infrastrukturun daha da təkmilləşməsi baş verdi. Bu zaman pambıqçılığa xüsusi diqqət ayrıldı, taxılçılığın inkişafının stimullaşdırılması nəzərdə tutuldu. Əsas məşğulluq siyasətinin həyata keçirilməsi regionların müəyyən dərəcədə inkişafı üçün şərait yaratdı. Bununla yanaşı, Bakıda daha çox məskunlaşan insan kütləsinin, xüsusilə də məşğulluqla bağlı problemi olan kütlənin regionlara cəlb edilməsi, onların regionlara dönüşünün təşviq olunması istiqamətində işlər hələ ki, yetərincə effektini göstərməyib. Çünki insanlar daha çox mərkəzə meyil etməyə başladılar. Xüsusilə də şəhərətrafı gecəqondulaşma şəbəkəsinin genişlənməsi regionlarda məşğul əhalinin sayını xeyli azaltmış oldu. Ona görə də indi bu istiqamətdə daha çox işlərin görülməsi vacibdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Fazil Mustafa deyib: “2005-ci ildə Azərbaycanın 14 iqtisadi rayona bölünməsi, Qarabağ işğaldan azad olunandan sonra isə bu ərazilərin də yeni iqtisadi rayon olaraq müəyyən regional çərçivə içərisində inkişafının nəzərdə tutulması dövlətin bu sahəyə yenə də prioritet kimi baxdığını göstərir. Bu istiqamətdə də böyük infrastruktur layihələri həyata keçirilir. Ümid etmək olar ki, xüsusilə də işğaldan azad olunmuş ərazilər minalardan təmizlənəndən sonra iqtisadi inkişafın stimullaşdırılması sahəsində daha uğurlu nəticələr ortaya qoyulacaq. Burada xüsusilə bölgələrə xarici investisiyanın cəlb olunması ən ciddi məsələlərdən biridir. Bölgənin böyük şəhərlərində ali məktəblərin açılması və buraya tələbə kontingentinin cəlb olunması ən önəmli sahələrdən biridir. Əvvəllər dotasiya ilə işləyən regionların indi bu xərclərdən azad olunması, daha çox öz gəlirləri hesabına xərclərini formalaşdırması ənənəsi artmaqdadır. Amma bütövlükdə hələ regionların tam şəkildə mədəni mərkəzə çevrilməsi problemi həll edilməyib”.

Birinci böyük şəhərlə - paytaxtla ikinci, üçüncü şəhərlər arasında olan fərqlərin müəyyən dərəcədə aradan qaldırılması, xüsusilə də mədəni və təhsil mühitinin, sağlamlıq xidməti keyfiyyətlərinin bərabərləşdirilməsi istiqamətində daha çox addımların atılmasına başlanılıb.

“Xüsusilə də icbari tibbi sığortaya keçəndən sonra regionlarda pilot layihələrin həyata keçirilməsi onu göstərdi ki, icbari tibbi sığorta şəbəkəsinin də birinci növbədə bu istiqamətdə uğurlu olması hökuməti daha çox düşündürür. Yəni bütövlükdə regionların inkişafı prioritet məsələ olaraq bu gün də gündəmdədir və istehsal müəssisələrinin, avtomobil istehsalından tutmuş, elektron texnologiyaya, trikotaj məhsulların istehsalına qədər, modern fabrik, müəssisə və biznes strukturlarının yaradılması, emal müəssisələrinin açılması - hamısı regionların üzərinə daha çox yönəlməyə təşviq edir. Görülən işlər qısa zaman ərzində nəticəni ortaya qoya bilməsə də, bütövlükdə gələcəkdə bu cür layihələrə yatırılan investisiyalar öz təsirini göstərəcək və regionların daha yüksək templə inkişafının şahidi olacağıq”,- deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.