SİYASƏT


Deputat: Azərbaycan Avropa üçün etibarlı tərəfdaş, regionumuz üçün isə sülhü təmin edən güclü dövlətdir

Bakı, 2 avqust, AZƏRTAC

Hazırda dünya tarixi özünün ən mürəkkəb və çətin mərhələlərindən birini yaşamaqdadır. Bir tərəfdən Yaxın Şərqdən Şərqi Avropaya qədər geniş bir coğrafiyada baş verən müharibələr, başqa bir tərəfdən pandemiyalar və onların yaratdığı fəsadlar qlobal siyasi –iqtisadi böhranlara səbəb olmaqla insanların rifahına mənfi təsir göstərir, yaşam şərtlərini çətinləşdirir, milyonlarla insanları yurdundan edərək qlobal miqrasiya böhranı yaradır. Elə siyasi keçmiş etibarilə ortaq olduğumuz postsovet məkanında baş verən hadisələr, az qala hamının bu və ya digər səviyyədə və formada müharibə apardığı bir vaxtda Azərbaycan sabitlik və inkişaf adası kimi görünür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, yaşadığımız Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyəti və yeni dünya nizamı paradiqmaları kontekstində Azərbaycanın əldə etdiyi tarixi uğurlar sözün əsl mənasında bir möcüzə sayıla bilər. Belə mürəkkəb hərbi-siyasi şərtlər içərisində cəmisi 44 gün davam edən müharibədə tarixi Zəfər əldə etmək mühüm tarixi hadisədir. Ancaq buna paralel olaraq ərazimizin işğaldan azad edilmiş 20 faizlik hissəsində durmadan quruculuq işləri həyata keçirmək və böyük qayıdış prosesini başlatmaq da ayrıca bir tarixi hadisədir. Heç şübhəsiz ki, bütün bunların arxasında üstün strateji ağıl, siyasi qətiyyət, qərarlılıq və böyük uzaqgörənlik dayanır. Azərbaycan illərdir bu nailiyyətlərə hədəflənmiş düşünülmüş və ardıcıl siyasət həyata keçirərək indiki mərhələyə çata bilib. Şübhəsiz ki, bu tarixi uğurlarımızın siyasi və iqtisadi tərəfləri var və bunlar biri digərini tamamlayan vahid tamın iki əsas komponentləridir.

“Güclü və müstəqil iqtisadiyyat yaratmadan siyasi müstəqilliyi qorumaq olduqca çətindir. Ancaq qətiyyətli siyasi iradə olmadan da müstəqil iqtisadiyyat qurmaq mümkün deyil. Azərbaycan bunu etməyi bacarıb. Hazırda isə güclü sosial siyasətlə dəstəklənən hərbi-iqtisadi gücümüz daha da artmaqdadır. Şübhəsiz ki, bunlar dərin strateji diplomatiya və uğurlu xarici siyasətlə tamamlanır. Əks təqdirdə Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirə bilməz və bu gün dünyanın enerji və hərbi-siyasi təhlükəsiziliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilə bilməzdi. Bu gün ölkəmiz həm Avropa üçün etibarlı və vacib tərəfdaş həm regionumuz üçün sülhü təmin edən güclü dövlətdir. Bunlar milli maraqlarımızın bu günü və gələcəyi üçün strateji əhəmiyyət daşıyır”, - deyə Hikmət Babaoğlu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.