SİYASƏT


Deputat: Azərbaycan Prezidenti həqiqətləri bir daha dünyaya çatdırır

Bakı, 25 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda təqdim olunan çıxışı ilə dünyaya verdiyi mesajlarda Azərbaycanın sülhsevərliyini, Ermənistanın isə işğalçı-faşist mahiyyəti ilə daim təhlükəsizliyi təhdid etdiyini bildirib.

Bununla bağlı dövlətimizin başçısının nitqində yer alan iki məqam üzərində xüsusi dayanmaq istərdim. Ölkə rəhbəri əvvəlcə COVID-19 pandemiyasının bütün dünya üçün ciddi çətinliklər yaratmaqda davam etdiyini, Azərbaycan hökumətinin ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin azaldılması məqsədilə mühüm və praktiki addımlar atdığını xatırladıb. Eyni zamanda, respublikamızda cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasının başlandığını, hər 100 nəfərə istifadə edilən vaksin dozalarının həcminin 80 faizdən artıq olduğunu, həmçinin bu dəhşətli bəlanın təsirinə məruz qalan əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paketin reallaşdırıldığını vurğulayıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının çıxışında Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində özünün maliyyə resursları hesabına beynəlxalq səviyyədə verdiyi töhfələr - ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə köməyi, dörd ölkəyə təmannasız olaraq 150 min doza vaksin göndərməsi faktları da öz ifadəsini tapıb.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bildirərək, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürdüyünü, bununla əlaqədar 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilən Zirvə toplantısını təşkil etdiyini də diqqətə çatdırıb.

Yeri gəlmişkən, Zirvə toplantısı zamanı dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü xüsusi vurğulayıb. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də xüsusi sessiya gerçəkləşib.

Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında da “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını yenidən vurğulayıb.

Rəşad Mahmudov bildirib ki, dövlətimizin başçısı BMT kürsüsündən yuxarıda vurğulanan məsələ ilə bərabər, faşizmin Ermənistanda çiçəklənməsini, bu ölkənin nasizmə sadiqliyini də bütün dünyanın diqqətinə çatdırdı. Ölkə rəhbəri nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bildirərək, bu dövlətin rəsmi ideologiyasında Azərbaycanofobiya siyasətinin hökm sürdüyünü deyib: “Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir”.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, hazırda mütərəqqi dünya artan neo-faşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrinin deyil, həm də erməni faşizmi üzərində qələbə çalıb. Eyni zamanda, Azərbaycan yenidən öz suverenliyinə, ərazi bütövlüyünə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsə, legitim özünümüdafiə hüququndan heç bir tərəddüd etmədən istifadə edəcəyini diqqətə çatdırıb.

Rəşad Mahmudov deyib ki, Azərbaycan Prezidentinin belə bir fikir bildirməsi təsadüfi deyil. Çünki Vətən müharibəsindən ötən bir il ərzində hələ də Ermənistanda revanşist fikirlər səsləndirilir. Dövlətimizin başçısı Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində də bu məsələyə toxunaraq Azərbaycanın sülh təklifləri ilə Ermənistanın razılaşmasının zəruriliyini qeyd edib. “Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər”, - deyə Azərbaycan Prezidenti mövcud reallığı bir daha xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.