SİYASƏT
Deputat: Azərbaycan Prezidenti hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan 44 gün ərzində mümkün olmayanı bacardı. Sentyabrın 27-dən başlayan Vətən müharibəsi işğal altında olan 20 faiz ərazimizin azad olunması ilə nəticələndi. Bu Zəfərə, bu Qələbəyə görə məhz Azərbaycan Prezidentinə, Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Zəfərimiz Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi düşünülmüş siyasət və güclü ordu quruculuğunun nəticəsidir.
Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Biz xalq olaraq çox xoşbəxtik. Xoşbəxtik ki, illərdir bizi narahat edən və incidən problemi həll edə bildik, özü də böyük üstünlüklə. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşdi və biz kimliyimizi dünyaya göstərdi. Kimliyindən asılı olmayaraq, hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında cəm oldu, onun sözünü dedi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Vətən müharibəsini yalnız döyüş meydanında aparmırdı. Paralel olaraq ölkəmiz informasiya müharibəsi də aparırdı. Bu, zamanın tələbindən irəli gəlirdi. Döyüş meydanında əks-həmlə əməliyyatlarına rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsinə də özü şəxsən rəhbərlik edirdi. 44 gün ərzində dünyanın tanınmış və nüfuzlu informasiya agentliklərinə 30-dan çox müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı olan, haqq işimizə kölgə salmağa çalışanlara öz siyasi bacarığı ilə anındaca cavab verir, ölkəmiz haqqında feyk məlumatlar əsasında formalaşdırılan fikirləri öz tutarlı fakt və arqumentləri ilə alt-üst edirdi. Bir sözlə, Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu.
Cavid Osmanovun sözlərinə görə, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərdi. Dövlətimizin başçısı da vurğuladığı kimi, Vətən müharibəsinin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Rəşadətli Ordumuz düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait xərclədiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Namərd düşmən döyüş meydanında Ordumuzun qarşısında tab gətirə bilmədiyi üçün acı məğlubiyyətlərinin əvəzini cəbhədən kilometrlərlə uzaqda yaşayan mülki insanlarımızı raket atəşinə tutmaqla çıxmaq istədi. Lakin Azərbaycan qarşı tərəfdə heç bir mülki və qeyri-hərbi infrastrukturu hədəf almadı, düşmənə elə döyüş meydanında ağır dərs verdi. Beləliklə, Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
Deputat qeyd edib ki, ermənilərin öz orduları haqqında yaratdığı “məğlubedilməzlik” mifi tərəfimizdən darmadağın edildi. Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi, hərbçilərimiz tərəfindən qənimət olaraq götürüldü. Həmin hərbi vasitələr Müzəffər Ali Baş Komandanın göstərişinə əsasən paytaxt Bakıya gətiriləcək və ictimaiyyətə nümayiş etdiriləcək.
“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə verdiyi hər müsahibəsində sülhə, Ermənistan təslim olacağı halda müharibəni dayandırmağa hazır olduğumuzu bildirdi. Ermənistan nə qədər müqavimət göstərsə də, sonda ağ bayraq qaldıraraq təslim oldu. Onu təslim olmağa məhz biz məcbur etdik.
Bu gün Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Müzəffər Ali Baş Komandan öz qətiyyəti, yürütdüyü düşünülmüş siyasəti ilə bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və artıq dünya xəritəsində müstəqil, suveren, bütöv bir Azərbaycan vardır”, - deyə Cavid Osmanov qeyd edib.