SİYASƏT
Deputat: Azərbaycan beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir
Bakı, 20 noyabr, AZƏRTAC
2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Qoşulmama Hərəkatı adından peyvəndlərin ədalətli bölüşdürülməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamə irəli sürəcəyini bildirmişdi. Bu il noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi, 171 ölkə yekdilliklə qətnamənin lehinə səs verdi. Sözügedən qətnamə dekabr ayında BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat diqqətə çatdırıb ki, qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik olan Ermənistandır. Bu münasibət təbii olaraq, Ermənistanın humanitar sahə də daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının göstəricisidir.
“Bu, bir daha onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə adını qürurla qoruyur.
Ötən dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə Görüşü, ötən ilin dekabrında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti İlham Əliyev varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı davamlı mübarizəni davam etdirib”, - deyə C.Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları olunub. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayrılıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq məsələlərə münasibətdə yürütdüyü siyasət dünya arenasında təqdir olunur və dəstəklənir.