SİYASƏT
Deputat: Azərbaycan bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaratdı
Bakı, 3 dekabr, AZƏRTAC
Laçın rayonunun dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi nəticəsidir. Biz düşməni buna məcbur etdik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz rəşadət göstərən Azərbaycan Ordusu düşmənə öz yerini göstərdi. Qazanılan ardıcıl qələbələr ona gətirib çıxardı ki, Ermənistan qarşımızda diz çökməyə məcbur qaldı. Təslim aktına qol çəkən düşmən üç rayonumuzu – Ağdam, Kəlbəcər və Laçını bizə döyüşsüz qaytarmaq məcburiyyətində qaldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Beləliklə, işğal tarixi bitdi, zəfər tarixi yazılmağa başlandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti nəticəsində şanlı Ordumuz tam və qəti qələbəyə imza atmasaydı, nə Ağdamı, nə Kəlbəcəri, nə də ki, Laçını dinc yolla azad edə bilərdik. Ordumuzun döyüş əzmi işğalçı Ermənistanın iradəsini qırdı, onu kapitulyasiyaya imza atmağa məcbur etdi. Bəli, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə rüsvayçı kapitulyasiya sənədidir.
Tamam Cəfərova deyib: “Prezident İlham Əliyev xalqa müraciətində bir çox məsələlərlə yanaşı, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesində baş verən bir çox məqamlara da aydınlıq gətirdi, Laçın rayonu ilə bağlı maraqlı məqamları açıqladı. Həqiqətən, Laçın rayonu strateji əhəmiyyətə malik rayonlarımızdan biridir. Bu rayonumuzun vaxtilə işğal edilməsi müharibənin taleyini bizim əleyhimizə həll etdi. Münaqişənin həll olunması ilə bağlı danışıqlar masasında ermənilər Laçın və Kəlbəcər rayonlarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Onlar bildirirdilər ki, həmin rayonların qaytarılması üçün Azərbaycan qondarma rejimin müstəqilliyini tanımalıdır. Biz qarşı tərəfin bütün şərtlərinin üstündən xətt çəkərək, öz qəhrəmanlıq tariximizi yazdıq və ərazi bütövlüyümüzü bərpa etdik”.
Deputatın sözlərinə görə, məhz Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyəti və uğurlu diplomatiyası sayəsində Ermənistan və onun havadarları məkrli məqsədlərinə çata bilmədilər. Azərbaycan hərbi-siyasi yolla Kəlbəcər və Laçın rayonları da daxil olmaqla, işğal olunmuş bütün torpaqlarını azad etdi, yeni reallıq yaratdı. Azərbaycan düşməni öz torpağından qovaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Prezident xalqa müraciətində xüsusi olaraq vurğuladı ki, hər kəs mövcud reallıqla barışmalıdır və noyabrın 10-da imzalanmış Bəyanata kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Hamı Azərbaycanın yaratdığı reallıqla barışmalıdır.
T.Cəfərova vurğulayıb ki, Azərbaycan bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaratdı. Bu formatın nədən ibarət olacağını isə həyat göstərəcək.