SİYASƏT


Deputat: Azərbaycan çox qısa zamanda ərazi bütövlüyünü bərpa etdiyi kimi, böyük qayıdışı da tezliklə təmin edəcək

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Böyük Qayıdışın ilkin addımları kimi qiymətləndirilə bilər. Əgər biz bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, sadəcə, Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa, Prezidentin budəfəki səfərində reallaşdırılan ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərsimlərinin keçirilməsinin şahidi oluruq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Unutmamalıyıq ki, cəmi bir neçə ay bundan əvvəl işğal edilmiş torpaqlarımızın tezliklə azad olunması barədə düşünürdük. Bu gün artıq Laçın rayonunun Güləbird kəndində inşa edilmiş su elektrik stansiyasının açılışından danışırıq. Təkcə bu, hər bir azərbaycanlının qəlbini fəxarət və qürurla dolduracaq bir hadisədir. Prezident İlham Əliyev gələcəkdə bərpa ediləcək kənlərimizdən danışarkən bir məsələyə xüsusilə diqqət yetirdi, həmin kəndlərimizin necə olacağına aydınlıq gətirdi. Dövlətimizin başçısı “ağıllı kənd” layihəsinin 5 əsas parametrinə görə fərqlənəcəyini və məskunlaşmada əsas kriteriya olacağını bildirdi”.

H.Babaoğlu qeyd edib ki, bu layihə Zəngilan rayonunun Birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla, 5 əsas komponent üzrə həyata keçiriləcək. Yəni, yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu prinsiplər isə gələcək bərpa işlərində özünəməxsusluğu ilə seçiləcək. Bu, o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma ilə paralel olaraq, “ağıllı kənd təsərrüfatı” modeli üzrə yeni iş yerləri açılmaqla, əhalinin məşğulluğu da təmin ediləcək. Eyni zamanda, sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri həyata keçirməyə imkan verəcək.

Baş redaktorun sözlərinə görə, məskunlaşma, iş yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunların “yaşıl enerji” təchizatı prinsipi ilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açacaq. “İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyi və bunun üçün çox əlverişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev terrorçu ermənilərin ərazilərimizi tərk edərkən olub-qalan infrastruktur obyektlərimizi dağıtdıqlarını qeyd etdi. Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla faktiki olaraq yeni dəmir yolu infrastrukturunun yaradılması işini başlatmış oldu. Şübhəsiz ki, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri dəmir yolu və avtomobil yolu infrastrukturu olacaq ki, bunun üçün də hazırlıq işləri aparılmaqdadır. Qardaş Türkiyə ilə xüsusi kommunikasiya əlaqələri baxımından bu layihənin strateji əhəmiyyəti çox böyükdür”, - deyən Hikmət Babaoğlu bildirib ki, bütün bunlar Azərbaycanın çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və böyük qayıdışı da tezliklə təmin edəcəyini deməyə əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.