CƏMİYYƏT


Deputat: Azərbaycan deyiləndə dünyada yardımsevərlik yada düşülürsə,bu, Prezident İlham Əliyevin adı ilə bağlıdır

Bakı, 6 may, AZƏRTAC

2020-ci ildə qazandığımız tarixi uğurdan sonra ölkəmiz bir neçə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdi. Bunlardan biri də aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans idi. Bu konfransda dünyanın 23 ölkəsindən 40 siyasi düşüncə sahibləri iştirak edirdi. Dövlətimizin başçısının beynəlxalq konfransdakı çıxışları xarici ölkədən gələn qonaqlar tərəfindən böyük maraqla dinlənilirdi. Çünki siyasi arenalarda böyük nüfuz qazanmış, regional və qlobal əhəmiyyətli addımları ilə dünyada tanınan Prezident İlham Əliyev bu konfransda da bütün diqqətləri üzərində cəmləyə bildi. Eyni zamanda, regional sülhün, təhlükəsizliyin və inkişaf məsələlərinin müzakirə olunması məqsədilə bu tədbirin böyük əhəmiyyəti də vardır.

Dövlətimizin başçısı ölkəmizi dünyada sülhə tərəfdar dövlət kimi tanıdıb. Azərbaycan deyəndə dünyada yardımsevərlik, ədalət, qarşılıqlı əməkdaşlıq yada düşürsə, bu Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında deputat Nurlan Həsənov deyib.

O bildirib ki, dövlətimizin başçısı siyasi arenalardakı çıxışlarında hər zaman ən incə detalları əvvəlcə qeyd etməyi bir tendensiya halı alıb: “Belə ki, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransında da Prezident İlham Əliyev ermənilərin 30 illik işğal dövründə etdiyi barbarlıq və vandalizmi də qonaqların diqqətinə çatdırdı. Bildirdi ki, erməni quldurları bütün kəndlərimizin və şəhərlərimizin əksər hissəsi dağıdıb və yerlə-yeksan edib. Bu vandallıq heç bir insanlıq çərçivəsinə sığmır. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, ermənilər bununla da kifayətlənməyib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilib. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. Ermənilərin bu əməlləri dünya ölkələri tərəfindən qınanılmalı və ciddi addımlar atılmalıdır. Əks təqdirdə dünyada olan insan hüquqları, dövlətlərin ərazilərinin toxunulmazlığı bundan sonra da pozulacaq. Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi məqamlar konfransda olan beynəlxalq ekspertlərin, xarici ölkə nümayəndələrinin beyninə həkk oldu. Bu da ciddi əhəmiyyət kəsb edir. Çünki həmin şəxslər öz ölkələrində bu məsələləri gündəmə gətirib, siyasi arenalara çatdıra bilərlər”.

Deputat qeyd edib ki, Cənubi Qafqazda regional sülhün əsas təminatçısı olan ölkəmiz bu konfransda da öz niyyətlərini açıq-aşkar göstərib: “Dövlətimizin başçısının iddialı və səmimi çıxışı zamanı söylədiyi digər bir məqam da Ermənistana edilən sülh təklifi ilə bağlı idi. Belə ki, Prezident İlham Əliyev bu yaxınlarda Ermənistandan müsbət cavab aldığımızı bildirdi. Bu, o anlama gəlir ki, Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Təbii ki, hər şey bununla yekunlaşmır. Ermənistan daha ciddi addımlar atmalıdır. Dövlətimizin başçısı da vurğuladı ki, son hadisələr göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və onun əhalisi sülhün zəruriliyini anlayır. Çünki onların bundan başqa çarələri də yoxdur. Ölkəmizin atdığı addımlar Cənubi Qafqazda sülhə töhfə vermək üçün siyasi iradəmizin bariz nümunəsidir. Azərbaycan bundan sonra da regionda gedən prosesləri təmkinlə, səbirlə həll etməyə çalışacaq.

Dövlətimizin başçısı, eyni zamanda, qonaqlara işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş infrastruktur layihələri barədə məlumat verib. Bu da özlüyündə xarici şirkətlərin həmin ərazilərə cəlb edilməsi məqsədi daşıyır. Düzdü, ölkəmizdə öz gücünə geniş quruculuq işlərini davam etdirir. Lakin ermənilərin 30 il ərzində viran qoyduğu ərazilər olduqca böyükdür. Bundan əlavə, Ermənistan hökumətinin məsuliyyətsizliyi ucbatından işğaldan azad edilmiş ərazilərimizdə mina problemi də tam həll olunmayıb. Belə olduğu təqdirdə həmin ərazilərdə geniş proyektlər aparmaq təhlükəlidir”.

“Prezident İlham Əliyev də konfrans zamanı vurğuladı ki, mina xəritələrinin Azərbaycana verilməsi istiqamətində Ermənistan tərəfinə irad tutulmur. Əslində isə ona qarşı ciddi təzyiqlər olmalıdır. Çünki müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuş və ya ağır yaralanıb. Dövlətimizin başçısı da bu barədə bildirdi ki, bunlara baxmayaq, təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan dəstək almamışıq. Bunun əksinə olaraq, Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib. Bu addım dünyada gedən ikili standartların bariz nümunəsidir. Çünki Ermənistanda bir dənə də olsun ev dağıdılmayıb. Əlbəttə, onlara bu 2.6 milyard avro yardım edilməsi doğru addım deyil. Həmçinin həmin vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə kimi Ermənistana veriləcək. Bütün bunlar işğalçı dövlətə göstərilən haqsız dəstəyin təzahürüdür. Lakin Prezident İlham Əliyev müharibənin bitməsindən sonra çıxış etdiyi bütün platformalarda Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edib. Ölkəmizə qarşı qərəzli, ikili yanaşmanı doğru qəbul etməyib. “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans da bu istiqamətə ümidverici məqamlarla yadda qaldı. Çünki Azərbaycan yeni dünya reallığı fonunda regionda baş verən hadisələri faktlarda xarici ölkə nümayəndələrinin diqqətinə çatdırır”, - deyə deputat N.Həsənov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.