SİYASƏT


Deputat: Azərbaycan dünya siyasətinə gətirdiyi yeniliklərlə diqqət mərkəzindədir

Bakı, 3 avqust, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın 30 illik müstəqillik tarixinin vərəqlənməsini bir zərurətə çevirməklə yanaşı, belə bir həqiqəti də təsdiqlədi ki, dövlətin qətiyyəti, dəyişməz mövqeyi uğurların davamlılığında əsas faktordur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev düşünülmüş siyasəti ilə müstəqilliyimizin əbədiliyi naminə köklü islahatları davam etdirir. Bu gün müasir müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Tarixi Zəfərimizin Azərbaycanı dünyaya qalib ölkə, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi qalib Lider, Ordumuzu ən güclü, qüdrətli ordu, xalqımızı məğrur, yenilməz xalq kimi təqdim etdiyini vurğulayan M.Həsənov deyib: “Qələbəmizin memarı, Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyini bildirir. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qurulan möhkəm təməl bugünkü uğurlarımızın əsasıdır. Bu gün bəhrəsini verən islahatların təməli sabitlik və inkişaf dövrü kimi xarakterizə olunan 1993-2003-cü illərdə qoyulub. Azərbaycan bu gün təkmil islahatları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qərarlaşdırır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqları sırasında yer alır. Reytinqlər gələcəyə baxış üçün stimuldur. Bu gün Azərbaycanın siyasi mənzərəsi sabitdirsə, dinamik inkişaf bütün sahələri əhatə edirsə, bu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin səylərinin, zəhmətinin bəhrəsidir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərin təcrübəsi müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Müstəqil siyasət müstəqilliyin əsas amilidir. Belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq. Azərbaycanın nümunəsi bir çox ölkələr üçün cəlbedicidir. Ölkəmiz istər müharibə şəraitində yaşadığı dövrdə, istərsə də postmüharibə mərhələsində sözünün imzası qədər böyük əhəmiyyəti olduğunu təsdiqləyib. Artıq Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq diktə edən tərəf kimi çıxış edən Azərbaycan dünya siyasətinə gətirdiyi yeniliklərlə diqqət mərkəzindədir.

“Azərbaycanın istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də iki ilə yaxındır ki, dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda qəbul etdiyi qərarlara, irəli sürdüyü təşəbbüslərə diqqət yetirmək kifayətdir”, - söyləyən M.Həsənov vurğulayıb ki, hazırda ölkə və dünya mətbuatında müzakirə olunan yeni əməkdaşlıq formatının - parlamentlərarası əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsinin təşəbbüskarı da ölkəmizdir. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin toplantısının sonunda imzalanan Bakı Bəyannaməsi perspektivləri özündə ehtiva edir. Yeni parlament formalaşdığı vaxtdan ölkəmizin dayanıqlı inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, Zəfərin yaratdığı yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə öz töhfəsini vermək üçün səylərini artırır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətlərinin Şuşaya səfərləri və buradan ünvanladıqları mesajlar da olduqca əhəmiyyətlidir. Hazırkı dövrün əsas çağırışlarından biri Vətən müharibəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır. Dövlətimiz, xalqımız isə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə səfərbər olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.