SİYASƏT


Deputat: Azərbaycan əsrlər boyu Şərq və Qərb mədəniyyətini birləşdirən körpü olub

Bakı, 29 sentyabr, AZƏRTAC

Tarixi minilliklərlə ölçülən vətənimiz Azərbaycan ən qədim mədəniyyət mərkəzlərindən biridir. Milli-mədəni dəyərlər xalqımızın həyatında daim önəmli yer tutub. Azərbaycan xalqı tarixən yadellilərin hücum və işğallarına məruz qalsa da, öz milli kimliyini, milli varlığını qoruyub-saxlamağı bacarmışdı. Tarixi təcrübə də göstərir ki, yalnız soykökünə, milli dəyərlərinə bağlı olan xalqlar öz varlığını qoruyub saxlaya, inkişaf etdirə bilər. Ümumiyyətlə, bir xalqın dilinin, tarixinin, ənənə və milli dəyərlərinin yaşaması həmin xalqın daha da inkişaf etməsi deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat bildirib ki, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə, tarixi keçmişə bağlılıq Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir: “Ümummilli lider Heydər Əliyev bütün dünya azərbaycanlılarını məhz bu ideologiya ətrafında birləşdirməyi bacardı. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Ulu Öndər azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirmişdi.

Azərbaycançılıq siyasəti bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli dəyərlərə, tarixi keçmişə bağlılığın nəticəsidir ki, qəhrəman oğullarımız 44 günlük Vətən müharibəsində öz canlarından keçərək ərazi bütövlüyümüzü bərpa etməyə nail oldular.

Zəngin tarixi-keçmişi olan Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiq qalmağı bacardığı kimi, digər xalqların da ənənələrinə, mədəniyyətlərinə həmişə hörmət və sayğı ilə yanaşmağı üstün tutmuşdur. Təsadüfi deyil ki, qədim dövrlərdən etibarən Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri buranı özlərinə doğma vətən, doğma yurd hesab edirlər”.

Müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycanın əsrlər boyu Şərq və Qərb mədəniyyətini birləşdirən körpü rolunu oynadığını vurğulayan deputat deyib: “Xalqımız multikulturalizm və tolerantlığı zaman-zaman öz həyat tərzinə çevirib. Multikulturalizm modeli dedikdə, bir ölkənin ərazisində müxtəlif xalqların dinc şəraitdə yaşaması, milli-mədəni dəyərlərini qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Bu baxımdan, əminliklə deyə bilərik ki, ölkəmiz bütün dünya üçün əsl multikulturalizm modelidir.

Azərbaycanın müstəqillik qazanmasından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında multikulturalizm və tolerantlıq dəyərləri Azərbaycanın dövlət siyasətinə çevrilib. Multikulturalizm və tolerantlıq dəyərləri Azərbaycan Respublikasının Konstitusiyasında da müvafiq maddələrlə təsbit edilir. Eyni zamanda, 1999-cu ildən etibarən noyabrın 16-sı Azərbaycanda Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.

Azərbaycanda tolerantlığın ən gözəl nümunələrindən biri də ölkəmizdə yaşayan müxtəlif dini icma nümayəndələrinin bir araya gəlməsidir. Məsələn, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianlar, iudaistlər və digər dini icmaların nümayəndələri iştirak edirlər. Bu, olduqca nadir bir hadisədir və çox sevindirici haldır ki, bu məhz Azərbaycanda baş verir.

Bu gün də ölkəmizdə multikulturalizm və tolerantlıq siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bundan başqa, müxtəlif festivalların, böyük miqyaslı mədəni tədbirlərin, idman yarışlarının, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi mədəniyyətlərarası dialoqa öz töhfəsini verib.

Heydər Əliyev Fondu da, öz növbəsində, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanda multikulturalizm və tolerantlıq siyasəti istiqamətində çoxsaylı tədbirlər həyata keçirir. Dünyanın müxtəlif ölkələrində dini, tarixi abidələrin restavrasiya olunması, o cümlədən ölkəmizdə çoxsaylı kilsələrin, sinaqoqların inşası və təmiri buna bariz nümunədir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş iclasda söylədiyi “Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır” sözləri bütövlükdə müasir Azərbaycanın ən dəqiq səciyyəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.