SİYASƏT


Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatı Ermənistanda və onun hüdudlarından kənarda soydaşlarımıza qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Azərbaycan ombudsmanın hazırladığı yeni hesabat ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri və soyqırımlarını, azərbaycanlılara qarşı bəslədikləri nifrət hisslərini, nifrət cinayətlərini dünyaya çatdırmaq üçün çox vacib bir sənəddir. Bildiyimiz kimi ermənilər XIX əsrdən başlayaraq yaratdıqları terror təşkilatları vasitəsilə ilk olaraq Osmanlı imperiyası ərazisində müharibə cinayətləri və terror aktları törətməyə başlayıblar. Onların məqsədləri “böyük Ermənistan” qurmaq idi. Təbii ki, erməniləri qızışdıran, onları dəstəkləyən havadarları da var idi. Ancaq Osmanlı dövlətinin zəiflədiyi bir dövrə təsadüf etdiyi üçün ermənilər müəyyən qədər uğur da qazandılar, müharibə cinayətləri və terror aktları törətdilər. Daha sonra bu proseslər Azərbaycan ərazilərinə də gəlib çıxdı. 1813-cü və 1828-ci illərdəki Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər azərbaycanlıların yaşadıqları ərazilərə köçürülməyə başladılar, nəticə etibarilə Osmanlı dövləti ilə Azərbaycan arasında bufer zona yaradıldı. Rus çarizmi özü üçün dayaq yaratmaq istəyirdi. Bir sözlə, həmin dövrdə əsası qoyulan bu siyasət sonra da davam etdirildi. XX əsrin əvvəlində - 1905-ci və 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımlar törədildi, çox sayda soydaşımız qətlə yetirildi.

N.Həmzəyevin sözlərinə görə, sovetlər dövründə xalqların dostluğu ideologiyasının təbliğ olunmasına baxmayaraq, təəssüf ki, yenə də ermənilərə müxtəlif güzəştlər edilirdi. Qondarma “erməni soyqırımı”nın 50 illiyi də Sovet İttifaqının dönəmində Ermənistanda qeyd olundu. Bunun özü təəccüblüdür, necə ola bilər ki, əgər başqa millətlərin xaricdən öz vətənlərinə gəlib-getmələri problem yaradırdısa, dünyada müxtəlif ölkələrdə yaşayan ermənilər rahatlıqla Ermənistana köçürülə bilirdilər. Bir sözlə, ermənilərin azərbaycanlılara qarşı nifrət cinayəti XX əsrdə də davam etdirildi. XX əsrin sonlarına yaxın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi fikirləri artıq sovet rəsmiləri tərəfindən dəstəkləndi. Həm Azərbaycanda, həm də Qarabağda yaşayan ermənilər qızışdırıldı və bu münaqişə süni olaraq yenidən alovlandırıldı. Həm 1990-cı il 20 Yanvar hadisələrində ermənilərin iştirakı var, həmçinin 1992-ci ildə Xocalı soyqırımını birbaşa ermənilər törətdilər. Bu da əsrin ən böyük faciələrindən biridir. Ancaq çox təəssüf ki, illər dəyişsə də, ermənilərin ideologiyası, məsələlərə baxışı dəyişmədi. Onlar hətta sonrakı dövrdə də hərbi cinayətlərini və terror aktlarını törətməyə davam etdilər. 44 günlük Vətən müharibəsi zamanı da ermənilər dinc əhalinin yaşadığı əraziləri uzaqmənzilli, istifadəsi qadağan olunmuş raketlərlə atəşə tutdular. Nəticədə çox sayda dinc vətəndaşlarımız şəhid oldu.

Torpaqlarımız işğaldan azad olunandan sonra fərqli mənzərə ilə qarşılaşdığımızı bildirən deputat qeyd edib : “İşğaldan azad olunmuş ərazilərdə faktiki olaraq daşı daş üstündə qoymayan erməni vandalları bizim bütün dini, mədəni abidələrimizi talan ediblər. Azərbaycan külli miqdarda vəsait xərcləməklə bu əraziləri yenidən bərpa edir. Azərbaycan Prezidentinin birbaşa nəzarətində olan bu proses tezliklə yekunlaşacaq, Qarabağ cənnətə çevriləcək. Ancaq biz bütün bunlara baxmayaraq, ermənilərin iç üzlərini dünyaya göstərməliyik, erməni vandallarını dünyaya tanıtmalıyıq. Neçə illərdir, neçə əsrlərdir özlərini dünyaya məsum, terrora məruz qalan xalq kimi göstərən ermənilərin, əslində, cinayətkar olduqlarını, azərbaycanlılara qarşı nifrət bəslədiklərini və bu ərazilərdə baş vermiş bütün terror aktlarının, hərbi cinayətlərin təşkilatçıları olduqlarını dünyaya çatdırmalıyıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.