SİYASƏT


Deputat: Azərbaycan qazandığı Qələbənin legitimliyinin beynəlxalq səviyyədə tanınmasına nail ola bilib

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan hər zaman açıq və şəffaf siyasət yürüdərək müəyyənləşdirdiyi prioritetlərə uyğun siyasi gedişlər edib. Həmçinin beynəlxalq hüququn müstəqil subyekti kimi məsuliyyətli davranaraq öhdəliklərinə sadiq qalıb. Azərbaycan Prezidentinin “bizim sözümüz imzamız qədər keçərlidir” sözləri, sadəcə, şüar deyil, dövlətimizə və onun Liderinə olan yüksək etimadın ümumiləşdirilmiş ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də regionun gələcəyi ilə bağlı dəyişməz, prinsipial və əsaslandırılmış mövqeyi var. Bu xüsusda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və bu kimi digər məsələlərlə bağlı irəliləyişə nail olmağın yolu hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanınmasından keçir. Prezident İlham Əliyevin bütün bu məsələlərlə bağlı mövqeyi Azərbaycan Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə, 44 günlük Vətən müharibəsinin regionda yaratdığı reallıqlara, həmçinin sağlam məntiqə söykənir. Əgər dövlətlərin qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüklərini tanımaları haqqında qərarları yoxdursa, o zaman sərhədlərin delimitasiya və demarkasiyasından da söhbət gedə bilməz. Bir dövlət digərinin beynəlxalq miqyasda qəbul edilmiş ərazi bütövlüyünü, sərhədlərini tanımalıdır ki, həmin sərhədlərin delimitasiya və demarkasiya prosesi də aparılsın. Əks təqdirdə, delimitasiya və demarkasiya prosesinin aparılmasının nə hüquq əsası, nə də məntiqi izahı ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, o zaman rəsmi Bakı da eyni davranışı sərgiləyəcək. Bundan uduzan da yalnız Ermənistan olacaq. Çünki nə tarixi, nə də hüquqi nöqteyi-nəzərdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması üçün əsas yoxdur. Ermənilərin Azərbaycan torpaqlarına necə və haradan köçürüldüklərini hər kəs bilir. Bu, bir o qədər də uzaq tarixdə baş verməyib. Belə ki, tarixi sənədlər, arxiv materialları mövcuddur. Bugünkü Ermənistan torpaqlarının azərbaycanlılara məxsus olması, XIX əsrin əvvəllərinədək sözügedən ərazilərdə yaşayan soydaşlarımızın sayının ermənilərdən dəfələrlə çox olduğu, həmvətənlərimizin tarixin müxtəlif dövrlərində öz doğma yurd yerlərindən bir neçə dəfə deportasiya olunmaları təkzibedilməz faktlardır. Məhz bu baxımdan əgər söhbət əsaslı və gerçək ərazi iddiasından gedərsə, bu hüquqi və mənəvi əsas yalnız azərbaycanlılara məxsusdur.

Azər Kərimli əlavə edib ki, müharibənin başa çatmasından bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan qazandığı Qələbənin legitimliyinin beynəlxalq səviyyədə tanınmasına nail olub. Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın mənafeyi mifə, yalana deyil, həqiqətə söykənir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığını Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarına, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq təmin etmişik. 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçıya qarşı savaş apardığına baxmayaraq, beynəlxalq humanitar hüququn tələblərinə tamamilə əməl edib, ləyaqətli müharibə aparmağın nümunəsini yaradıb. Bu səbəbdəndir ki, bizim tarix və bəşəriyyət qarşısında alnımız açıqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.