SİYASƏT
Deputat: Azərbaycan qəhrəmanlıq tarixinin şanlı səhifəsini yazaraq regionda öz sözünün və yerinin olduğunu göstərdi
Bakı, 26 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin qərb bölgəsinə səfəri mühüm sosial obyektlərin, yeni iş yerlərinin, infrastruktur layihələrinin istifadəyə verilməsi ilə yadda qaldı.
Regionların sosial-iqtisadi inkişafı çərçivəsində dövlət proqramlarının icrası ilə yerində tanış olan dövlətimizin başçısının iştirakı ilə mühüm obyektlərin açılışı edilir və təməlqoyma mərasimləri keçirilir. Bütün bunlar respublikamızda regionların sosial-iqtisadi inkişafının dövlətimizin diqqət mərkəzində olduğunun bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə 44 günlük Vətən müharibəsindən sonrakı dövr üçün ölkəmizdə və regionda baş verən siyasi, ictimai məsələlərə də münasibət bildirib və bir sıra mühüm məqamlara toxunub. Dövlətimizin başçısı müsahibəsində vurğuladı ki, Azərbaycan Vətən müharibəsində möhtəşəm Zəfəri ilə ermənilərin bütün ideoloji sütunlarını darmadağın edib. Ermənilər 30 ilə yaxın uydurduqları yalanların ifşasından sonra məyusluq sindromu ilə yaşayırlar. Bir sözlə, onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Azərbaycan xalqı, dövləti və ordusu bir olaraq 44 günlük Vətən müharibəsində öz gücünü düşmənə göstərdi və Ermənistan ordusunun məğlubedilməzliyi haqqında bütün mifləri məhv etdi. Azərbaycan qəhrəmanlıq tarixinin şanlı səhifəsini yazaraq regionda öz sözü və yeri olduğunu göstərdi”.
Tamam Cəfərova bildirib ki, 44 günlük müharibədən sonrakı dövrdə bütün dünya Azərbaycanın öz əraziləri daxilində həyata keçirdiyi haqlı mübarizəsini qəbul edib. Proseslər siyasi müstəviyə keçib, ermənilər isə hələ də müharibədən tam nəticə çıxarmayıblar. Ermənistan İkinci Qarabağ müharibəsini unutmamalıdır.
Dövlətimizin başçısının 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin süni qurum kimi yaradılmasına da toxunduğunu bildirən deputat qeyd edib ki, sovet hökumətində təmsil olunan ermənilər qanunsuz və heç bir əsası olmayan qərar qəbul etdilər. Amma bu əsassız, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın tarixi torpaqlarında muxtar vilayət yaratmaq və ona cəllad Şaumyanın adını vermək xalqımıza qarşı təhqir idi. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti qanuni şəkildə ləğv edilib.
Deputat xatırladıb ki, muxtar vilayəti ləğv etdikdən sonra “Dağlıq Qarabağ” termininin işlədilməsi müvafiq ərazi ilə deyil, yalnız silahlı münaqişə ilə bağlı olub: “Artıq müharibə başa çatıb və Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Nə belə ərazi var, nə də status. Azərbaycanın qələbəsi ilə yaranan yeni geosiyası reallıqlar beynəlxalq müstəvidə də öz təsdiqini tapır. Buna sübut olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı “Dağlıq Qarabağ” və “status” ifadələrini işlətməməsi buna sübutdur”.
T.Cəfərova vurğulayıb ki, Azərbaycan dövləti öz ərazi bütövlüyü daxilində heç bir “status”a razı olmayacaq. Ermənilər məskunlaşan əhalinin sayını şişirtsələr də, orada cəmi 25 min adam yaşayır və bu qədər az sayda əhalisi olan əraziyə “status”un verilməsi heç bir məntiqə sığmır. Bədnam qonşularımız nə qədər ki, gec deyil, ağıllarını başlarına yığsınlar və baş verənlərdən nəticə çıxarsınlar.