SİYASƏT


Deputat: Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirir

Deputat: Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirir

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin hər bir çıxışında Azərbaycanın dünəninə baxış əsasında qarşıdakı dövrün əsas hədəfləri, postmünaqişə dövrünün reallıqları, regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, sülh, təhlükəsizlik çağırışları öz əksini tapır. Bu baxımdan, noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans xüsusi diqqət mərkəzində oldu. Bu, ADA Universitetinin ev sahibliyi etdiyi sayca üçüncü konfrans idi. Dünyanın aparıcı beyin mərkəzləri, tanınmış ekspertlər, analitiklər regionda baş verən hadisələrin müzakirəsinə, postmüharibə dövründə sülh quruculuğu, yenidənqurma işlərinə xüsusi diqqət yetirir və bu konfranslarda yaradılan şəraitə uyğun olaraq Prezident İlham Əliyevə ünvanladıqları suallar əsasında hərtərəfli, dolğun məlumatlar əldə etməkdən məmnunluqlarını bildirirlər. Dövlətimizin başçısının həmin konfransdakı çıxışının dünya mətbuatında geniş işıqlandırılması və müzakirə olunması da deyilənlərin təsdiqidir. Belə konfranslarda səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir. Azərbaycan daim qlobal məsələlərin müzakirəsi üçün ideal məkan kimi qəbul olunur. Postmünaqişə dövründə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini böyük əminliklə və qürur hissi ilə qeyd edirik. Qürurverici haldır ki, son iki ildə nəinki paytaxt Bakı, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq əhəmiyyətli forum və konfransların keçirilməsi üçün ideal məkan kimi seçilir. Ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu ilin aprelində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabr ayında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu və digər tədbirlər də bu qəbildəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, nümayəndələrinin yer alması da tədbirə olan marağın göstəricisidir. “Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Bu baxımdan, xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımaların genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Konfransın mövzusundan da göründüyü kimi, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri günümüzün əsas çağırışlarıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbədən sonra ölkəmizin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir”, - deyə deputat vurğulayıb.

M.Həsənovun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev hazırda təhlükəsizliyin bəlkə də hər zamankından daha vacib olduğunu vurğuladı. Bildirildi ki, ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birini necə dəstəkləyə biləcəyini nəzərdən keçirməlidir. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir. Lakin Azərbaycanın həyata keçirdiyi kommunikasiya layihələri regional təhlükəsizliyi, sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var.

“Ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu, ölkələri, xalqları bir araya gətirən, onlar arasında dostluq, əməkdaşlıq körpüsünü möhkəmləndirən enerji və nəqliyyat layihələrinin coğrafiyası genişlənir. Azərbaycan bu layihələrin icrası ilə regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən ölkəmiz sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də bunu tələb edir. Prezident İlham Əliyev konfransda da bu məsələyə xüsusi diqqət yönəldərək, mesajlarını çatdırdı”, - deyə deputat bildirib.

O, sonda qeyd edib ki, Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır, bütün tribunalardan, platformalardan dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.