SİYASƏT
Deputat: Azərbaycan regionda real güc sahibidir

Bakı, 23 may, AZƏRTAC
İkinci Qarabağ - Vətən müharibəsindən sonra bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirib.
Eyni zamanda, postmüharibə çağırışlarını da nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərinin dönməz olduğu bir daha xarakterizə olunur. Bu proses şəxsən Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutan bütün görüşlərin əhəmiyyətini daha da artırır.
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format yaranıb.
“Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ildə keçirilən üçtərəfli görüşlər, habelə bu il aprelin 6-da Brüssel səfəri çərçivəsində sülh gündəliyinin əsasının qoyulmasından sonra mayın 22-də baş tutan növbəti üçtərəfli təmas artıq əvvəlki görüşlərdə əldə olunan razılaşmaların sürətli icrasına dair addımların dəqiqləşdirilməsi xarakteri daşıyır.
Böyük əmək sərf edilən və təqribən 5 saat çəkən bu görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən səsləndirilən yekun bəyanatda Azərbaycanın maraqları demək olar ki, tam təmin edilib.
Belə ki, bəyanatda istər sülhün təmin edilməsi üçün danışıqların davam etdirilməsi, itkin düşmüş şəxslər və onların taleyinə aydınlıq, humanitar minatəmizləmə səylərinə dəstək, istərsə də iqtisadi inkişafın təmini istiqamətində İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi qərarı, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığın əldə olunması regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır”, - deyə deputat vurğulayıb.
O diqqətə çatdırıb ki, eyni zamanda, müzakirələrdə, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, status məsələsinin, ümumiyyətlə, olmaması, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılması Prezident İlham Əliyevin sülh və ədalətə əsaslanan humanist mövqeyinin bariz nümunəsidir.
Əslində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəfələrlə Azərbaycanın Avropa üçün önəmli bir tərəfdaş olduğunu qeyd etməsi Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında əsas amil olduğunun göstəricisidir.
Məzahir Əfəndiyevin sözlərinə görə, həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr Bəyanatının bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.
Prezident İlham Əliyevin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi, beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinin imzalanmasına dair irəliləyiş əldə edilməsi Azərbaycanın regionda real güc sahibi olduğunu deməyə əsas verir.