SİYASƏT


Deputat: Azərbaycan səfirliyinə hücum diplomatik fəaliyyətin tənzimlənməsi üzrə Vyana Konvensiyasının pozulmasıdır

Bakı, 5 avqust, AZƏRTAC

London şəhərindəki səfirliyimizə edilən hücum hər şeydən əvvəl diplomatik fəaliyyətin tənzimlənməsi üzrə Vyana Konvensiyasının pozulmasıdır. London polisinin müdaxiləsi nəticəsində səfirliyə qarşı vandalizm törətmiş şəxslərin saxlanılması Böyük Britaniya tərəfindən Konvensiyanın şərtlərinə uyğun olaraq müvafiq addımların atıldığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşır Feyziyev söyləyib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan səfirliyinə hücum faktının özü bir sıra ehtimallar yaradır. Belə ki, bu ehtimalların araşdırılması üçün bu fakt üzrə Azərbaycan və Böyük Britaniya hüquq-mühafizə orqanlarının birgə çalışmasına ehtiyac var. İlkin məlumatlara görə, səfirliyimizə hücum özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal qurumun üzvləri tərəfindən həyata keçirilib. Böyük Britaniyada bütün müsəlman dövlətlərinin səfirliyinin mövcud olması şəraitində bu qurumun niyə məhz Azərbaycan səfirliyinə hücum etməsi sual doğurur. Digər tərəfdən bu hücumun Qarabağ ərazisində qeyri-qanuni yerləşən Ermənistan hərbçiləri tərəfindən törədilmiş qanlı insidentdən dərhal sonra baş verməsi ehtimal yaradır ki, bu hücum beynəlxalq səviyyədə Azərbaycana qarşı hansısa məkrli bir təxribat planının tərkib hissəsi ola bilər. Bu hadisələrdə qarşılıqlı əlaqənin olub-olmadığı araşdırılmalıdır.

“Londondakı Azərbaycan səfirliyinə hücum edən radikal qurumun ölkə daxilində fəaliyyət göstərən hansısa təxribatçı qrupla və ya şəxslərlə əlaqədə olmasını da istisna etmək olmaz. Buradan belə bir ehtimal da yaranır ki, səfirliyimizə hücum edən qruplaşmanın ölkə daxilində hansısa marginal qruplarla işbirliyi mövcuddur. Əks halda, həmin qrup üçün bu hücumun heç bir mənası olmazdı.

Ən başlıcası isə bu radikal qruplaşmanın Azərbaycan səfirliyinə hücumunun arxasında üçüncü tərəfin, yəni hansısa dövlətin xüsusi xidmət orqanlarının dayana bilməsi də əsas ehtimallardan biri kimi diqqətdə saxlanılmalıdır.

Bir sözlə, özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikalların ölkəmizə qarşı mübarizədə, əslində, kimə və nəyə xidmət etdiyini aydınlaşdırmaq baş verənlərin əsl mahiyyətini açıb göstərə bilər. Müstəqillik tariximizdə dəfələrlə üzləşdiyimiz təhdid, terror və təxribat hadisələrinə qarşı Azərbaycan dövlətində kifayət qədər siyasi və hərbi immunitet formalaşıb və istənilən halda belə cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Son 30 ildə qazandığımız iki ən böyük qələbəni – müstəqilliyimizi və Vətən müharibəsindəki Zəfərimizi heç kimə və heç nəyə güzəştə getməyəcəyik. Çünki bu qələbələr xalqımızın qanı bahasına qazanılıb və qanımızla-canımızla da qoruyacağıq”,-deyə C.Feyziyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.