İQTİSADİYYAT


Deputat: Azərbaycan siyasi, iqtisadi, humanitar mərkəzə çevrilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin uğurlarını yaşayırıq. İşğalla heç zaman barışmayan Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız azad olunacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Ölkəmiz bu illər ərzində bütün sahələrdə davamlı uğurlar qazandı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirakı, gündəmə gətirilən məsələlərə ədalətli yanaşmaları ilə təqdir edildi. Bu illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv, Qoşulmama Hərəkatına üzv qəbul olundu. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandı. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu və ölkəmiz hazırda bu missiyasını uğurla həyata keçirir. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bu, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstəkdir. Cari ildə quruma üzv ölkələrin Azərbaycanın Qoşulmama Hərəkatına daha bir il sədrlik etməsi barədə qərarı xarici siyasət uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Azərbaycanın siyasi, iqtisadi, humanitar mərkəzə çevrildiyini vurğulayan M.Həsənov qeyd edib: “İki ilə yaxın bir dövrdə COVID-19 pandemiyasının tələblərinə uyğun olaraq videoformatda təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyini davam etdirən Azərbaycan, eyni zamanda, onların təşəbbüsçüsüdür. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası dialoq forumlarının məkanıdır. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi nüfuz qazanıb. 2015-ci ildə ilk Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə mövcud imkanlarının təqdimatında uğurlar qazanmaqla yanaşı, dünyaya sülh, birlik, həmrəylik mesajını ünvanladı. Azərbaycanın beynəlxalq münasibətlərdə siyasətindən “baş çıxara bilməyən” ünsürlər qərəzi bir kənara qoyub həqiqətləri etiraf etmək bacarığına malik olsalar belə güclü, qüdrətli, qalib ölkənin vətəndaşı olmaları ilə qürur duyarlar”.

M.Həsənov diqqəti Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə göstərdiyi beynəlxalq dəstəyə yönəldib. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Azərbaycan 30-dan artıq ölkəyə maddi və humanitar yardım göstərib, dünya gündəmini zəbt edən vaksin millətçiliyinə qarşı mübarizənin ön sıralarındadır.

“Ölkəmizin çoxşaxəli xarici siyasətinin uğurlarının zirvəsində dayanan, artıq tarixə qovuşaraq yeni səhifənin açılmasını şərtləndirən Qarabağ münaqişəsinin həlli, ədalətin, beynəlxalq hüququn bərpası dövlətin xarici siyasətindən “baş çıxarmayanlara” cavabdır” söyləyən deputat əlavə edib ki, bu gün Azərbaycan tarixinin şərəfli dövrünü yaşayır. O deyib: “İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb, Böyük Qayıdışa gedən yol yaxınlaşır. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan və bunu fürsət düşdükcə qabarıq şəkildə büruzə verən xarici anti-Azərbaycan dairələrin ssenarilərinə uyğun olaraq yenə də ictimai fikri çaşdırmağa, uğurlarımıza kölgə salmağa cəhdlər edən daxildəki ünsürlər Qələbəmizi şəhidlərimizin canı, qanı bahasına əldə etdiyimizi unutmasınlar”.

M.Həsənov belə ünsürlərin vaksinasiya prosesinin əleyhinə olmalarına da münasibət bildirərək vurğulayıb ki, onlar Azərbaycanın bu prosesdə fəal iştirakını, dövlətin vətəndaşlarımızın yanında olmasını, onların sağlamlığını qorumaq üçün bütün zəruri addımları atmasını həzm edə bilmirlər. Xalqımız dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyir, hər zaman Prezidentimizin ətrafında sıx birləşərək sabaha böyük inamla addımlayır. Bu baxımdan bəzi ünsürlərin ənənələrinə uyğun olaraq ictimai fikri çaşdırmaq yolunu tutmaları “düşmən dəyirmanına su tökməkdən” başqa bir şey deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.