SİYASƏT


Deputat: Azərbaycan tərəfi regionda sülhün təmin olunmasının əsas təşəbbüskarıdır

Bakı, 14 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Moskvada üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə imzalanan humanitar atəşkəs də qarşı tərəfi dayandıra bilmədi. Atəşkəs imzalandığı gündən etibarən Ermənistan onu pozmağa başladı. Bu, açıq-aşkar beynəlxalq hüquqa zidd addımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

M.Cəfərov qeyd edib ki, humanitar atəşkəs müddətində müharibə qanunlarına uyğun olaraq bəzi problemlərin həlli nəzərdə tutulurdu. Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də sözünün üstündə durmadı və Moskvada əldə olunan razılaşmaya əməl etmək istəmədi. “Düşmən tərəfi atəşkəs rejimini pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Bu da o deməkdir ki, bu razılaşma da münaqişənin gedişatına təsir edə bilmədi. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı bölmələri qüvvə və vasitələrini cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərsə də, qarşısı şanlı Ordumuz tərəfindən vaxtında alındı. Azərbaycan atəşkəsə razılıq verdi və sözünə də sadiqlik nümayiş etdirdi”, - deyən deputat bildirib ki, Azərbaycan artıq qan tökülməməsi üçün diplomatik danışıqların başlanmasına qərar verdi. Bu danışıqların əsasının da Azərbaycan torpaqlarının ərazi bütövlüyünün bərpasının təmin edilməsi olduğunu bildirən M.Cəfərov vurğulayıb: “Azərbaycan tərəfi regionda sülhün təmin olunmasının əsas təşəbbüskarıdır. Azərbaycan Prezidenti hər zaman regionun inkişafı və sabitliyi üçün sülhün tərəfdarı olduğumuzu dəfələrlə bəyan edib. Sentyabrın 27-dən etibarən dünya Ermənistanın region üçün böyük təhlükə olduğunu bir daha gördü. Ermənistanın dinc əhaliyə hücumu təəccüb doğurmur, onlar belə planlarını heç zaman gizlətmirlər. Hücumun planlı şəkildə olması onu beynəlxalq cinayətə çevirir. Qarşı tərəf təkcə Azərbaycana deyil, öz xalqına qarşı da terrorçu kimi davranır”.

M.Cəfərovun sözlərinə görə, Ermənistanda gənclər cəbhəyə güclə, məcburi göndərilir. Erməni mətbuatının yazdıqlarından da görünür ki, bu ölkədə psixoloji cəhətdən xaos yaşanır. Xarici mətbuata güclü təsir edən erməni diasporu hər zaman ölkəmizə qarşı qarayaxma əməliyyatı aparıb. Bu gün də əməlindən çəkinməyən bu diaspor dünyanın bəzi media orqanlarında Gəncədəki çirkin terrorun nəticəsində yaranmış dağıntıları Xankəndidə baş vermiş kimi təqdim ediblər.

“Ölkəmiz hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya cəbhələrində də qarşı tərəfdən üstündür. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hələ sentyabrın 27-dən əvvəl ermənilərin iç üzünü ifşa edərək, onların yeni torpaqlar uğrunda müharibəyə hazırlaşdıqlarını dünyaya çatdırmışdı. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 75-ci Sessiyası da daxil olmaqla, beynəlxalq platformalarda tutarlı tarixi faktlarla çıxışları Ermənistanın məkrli niyyətini puça çıxarmaqla bərabər, onların özləri üçün münbit informasiya mühiti yaratmaq xülyasına son qoydu. Prezident İlham Əliyev bu günlərdə 10-dan artıq xarici kütləvi informasiya vasitəsinə verdiyi müsahibələrində Azərbaycan həqiqətlərini, xalqımızın haqq səsini bir daha dünyaya çatdırdı.

Xalqımız və Vətənimiz çətin günlərdə kimin dost, kimin düşmən olduğunu gördü. Azərbaycan heç vaxt işğalla barışmayacaq və bizim işimiz haqq işidir. Qarabağ Azərbaycandır!”, - deyə Müşfiq Cəfərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.