SİYASƏT
Deputat: Azərbaycan türk xalqının seçiminə böyük hörmətlə yanaşır

Bakı, 29 may, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin prezidenti seçilməsi Ankara-Bakı münasibətlərinin yüksələn xətlə inkişafının davam etməsini təmin edəcək. Rəcəb Tayyib Ərdoğan Türkiyəni gücləndirərək qlobal siyasi aktora çevirib ki, bu da onun regional məsələlərə nüfuz etməsinə imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Sadiq Qurbanov söyləyib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan regional siyasətə xüsusi diqqətlə yanaşır və onun 44 günlük Vətən müharibəsində Azərbaycanı yaxın müttəfiqi kimi dəstəkləməsi təsadüfi deyildi. Ərdoğanın Cənub Qaz Dəhlizini dəstəkləməsi, Zəngəzur dəhlizinin formalaşmasına göstərdiyi həssaslıq Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirir. Bu dəhliz Çin ilə Orta Asiyanın türkdilli dövlətlərinin Avropaya çıxışını təmin edir, ticarət əlaqələrini genişləndirir, iqtisadi inkişaflarına təkan verir. Bununla da türkdilli dövlətlərin birliyinə doğru səmərəli addım atılır. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyə üçün deyil, regionun digər dövlətləri də bu dəhliz vasitəsilə Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirə bilərlər.
Azərbaycan qazı Trans-Anadolu Qaz Kəməri (TANAP) ilə Türkiyə üzərindən Avropaya ixrac olunur. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin sülh və sabitlik, eləcə də regionun iqtisadi inkişafına təkan verə biləcək təşəbbüslərini dəstəkləyib və onların reallaşmasında əhəmiyyətli rol oynayıb.
Deputat qeyd edib ki, Ərdoğanın yenidən prezident seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yeni impuls verəcək. Türk xalqının seçiminə Azərbaycan xalqı böyük hörmət və ehtiramla yanaşır.