İQTİSADİYYAT
Deputat: Azərbaycanda bərpaolunan enerji sahəsi sürətli inkişaf dövrünü yaşayır

Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan pandemiyanın yaratdığı qlobal iqtisadi problemlərə baxmayaraq, irimiqyaslı layihələrin gerçəkləşdirilməsində mühüm addımlar atır. Bu, iqtisadiyyatın bütün sahələrində aydın nəzərə çarpır. Azərbaycanın nüfuzlu ölkələr sırasında qərarlaşması da məhz dövlətimizin başçısının qətiyyətli və uğurlu siyasətinin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi isə respublikamızda elektroenergetika sisteminin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmasından xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, YAP İdarə heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat daha sonra bildirib ki, bu bərpaolunan enerji layihəsinin Birləşmiş Ərəb Əmirliklərinin sözügedən sahədə zəngin təcrübəyə malik “Masdar” şirkəti tərəfindən icra edilməsi ölkə iqtisadiyyatının ixrac imkanlarının gələcəkdə daha da genişlənməsini şərtləndirir.
Belə bir nüfuzlu şirkətin respublikamızda sərmayə qoyması təqdiredici haldır. Bu, həm də Azərbaycanın xarici investisiya üçün cəlbedici və təhlükəsiz, eyni zamanda, əlverişli biznes mühitinə görə tam şəffaf ölkələrdən biri olmasının göstəricisidir. Başqa sözlə, respublikamız coğrafi düzəninə görə investisiya iqliminin əlverişliliyi baxımından fərqlənir və xarici tərəfdaşlar qarşısında üzərinə düşən öhdəlikləri yüksək səviyyədə reallaşdırır.
“O da qeyd edilməlidir ki, Azərbaycanda cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb. Yanvar ayında bu sahədə Səudiyyə Ərəbistanını təmsil edən nüfuzlu “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilən 385 meqavat gücündə elektrik stansiyası işə salınıb. Bununla da qısa vaxt ərzində respublikada yeni generasiya güclərinin yaradılmasının davamlı xarakter alması təsdiqini tapıb.
Ölkəmizdə az bir müddətdə istər külək, istərsə də günəş elektrik stansiyasının təməlinin qoyulması bərpaolunan enerji növlərinin inkişafının prioritet istiqamət olduğunu göstərir. Azərbaycan xeyli müddətdir ki, bu məsələni diqqət mərkəzində saxlayır və artıq real nəticələrə nail olur. Şübhəsiz ki, bu dinamika heç də öz-özünə gerçəkləşməyib. Bunu Azərbaycanda yaşanan, bərqərar olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlər, nəqliyyat-kommunikasiya sistemi və s.amillər şərtləndirib. Nəticədə bir az əvvəl xatırlatdığım kimi, Azərbaycan xam neft, neft məhsulları və təbii qaz ölkəsi kimi tanınmaqla bərabər, həm də elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısıdır. Ölkəmizin güclü bərpaolunan enerji potensialı var. Buna görə də dünyanın aparıcı enerji şirkətləri tərəfindən Azərbaycana böyük maraq göstərilir, bu sahədə əməkdaşlığa xüsusi önəm verilir. Bu, eyni zamanda, indiki layihələrin davamlı olacağını, gələcəkdə belə təşəbbüslərin irəli sürüləcəyini göstərir. Bu, həm də hazırda qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac yaranması zərurətindən irəli gəlir. Yeri gəlmişkən, dövlətimizin başçısının Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində vurğuladığı kimi, işğaldan azad edilən ərazilərimiz bərpaolunan enerji növlərinin böyük potensialına malikdir. Bunu aparılan hesablamalar da göstərir. Belə ki, tədqiqatlara əsasən, həmin ərazilərdə günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavat həddindədir. Bu istiqamətdə artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar aparılır”, - deyə deputat vurğulayıb.