CƏMİYYƏT


Deputat: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı, dini tolerantlıq, multikulturalizm, o cümlədən dini dəyərlərimizə olan münasibətlər həmişə vacib məsələlərdən olub. Bütün bu amillər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da daim diqqət mərkəzindədir. Ölkəmizdə dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətinin davamı olaraq Azərbaycan bir neçə dəfə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən konfransların əsas müzakirə mövzuları olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

Onun sözlərinə görə, dinlərarası dünyəvi sivilizasiya və dinin inkişafı hər bir ölkənin öz müstəvisinə uyğun olmalıdır. Azərbaycanda dini məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer alıb. Bu baxımdan, Prezident İlham Əliyevin Məkkədə Həcc ziyarətində olması müsəlmançılıq ideyalarına Azərbaycan xalqı ilə birlikdə sadiqliyinin əsasını təşkil edib. Bundan əlavə, məhz dövlətimizin başçısının bilavasitə tapşırığı ilə "Təzəpir", "Bibiheybət", "Cümə" və "Şamaxı" məscidlərinin tam əsaslı bərpasının həyata keçirilməsi birbaşa Azərbaycan xalqının milli dəyərlərinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Dini adət-ənənələrimizə hörmət əlaməti olaraq dini məbədlərimizin qorunması, onların yenidən qurulması Azərbaycan dövlətinin və xalqının həmişə diqqət mərkəzindədir.

“Otuz il həsrətində olduğumuz Qarabağ Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunduqdan sonra nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri məhz Azərbaycan xalqının məscidlərinin, qədim abidələrinin bərpası olub. İşğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə Prezident İlham Əliyev ailəsi ilə birlikdə səfəri zamanı hər iki şəhərdə bərpa edilən məscidlərə baş çəkib, görülən işlərlə yerindəcə tanış olub”, - deyə Cavanşir Paşazadə diqqətə çatdırıb.

Deputat qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, ölkəmizin tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan, böyük potensiala malik Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. İnstitutun yaradılmasında məqsəd xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.