SİYASƏT


Deputat: Azərbaycanda verilən qərarlar regionda sabitliyin, təhlükəsizliyin təminatına hesablanır

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycanda atılan bütün addımlar, verilən qərarlar hər zaman regionda sabitliyin, təhlükəsizliyin təminatına hesablanır. Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də ötən ildə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik və hərbi sahədə qazandığı uğurlara, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir baxış oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

O qeyd edib ki, yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev bu məsələlərə bir daha ayrı-ayrılıqda aydınlıq gətirib. Qazanılan uğurlar, görülən işlər və qarşıya qoyulan vəzifələrlə yanaşı reallaşdırılması nəzərdə tutulan müxtəlif istiqamətli layihələr, islahatlar da diqqətə çatdırılıb. Qalib Azərbaycanın iqtisadi qüdrəti hesabına bütün bölgələr kimi, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş quruculuq işlərinə başlanıldığı vurğulanıb.

İşğaldan azad edilən ərazilərimizdə görülən işlərdən danışan Prezident İlham Əliyev qeyd edib ki, müharibədən çıxmış bir ölkədə ən genişmiqyaslı proqram icra edilməyə başlayıb. İlkin olaraq Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənərək elektrik təsərrüfatı yaradılıb, yollar çəkilib. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ermənistanla həmsərhəd olan bölgələrdə 700 kilometrə yaxın yol çəkilib, 7 yarımstansiya inşa edilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir hissəsi olan dəmir yolunun inşasına başlanılıb. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir.

Müsahibəsində dövlətimizin başçısı, həmçinin müharibədən sonra Ermənistanın yerinə yetirmək istəmədiyi öhdəliklərdən danışıb, onların son hərbi təxribatına da toxunub, bir daha bu ölkəyə növbəti xəbərdarlığını ünvanlayıb. Ölkə Prezidenti, eyni zamanda, qeyd edib ki, bu gün Ermənistanda həm iqtidarda, həm müxalifətdə revanşist əhvali-ruhiyyə var, həmçinin revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, indiki hakimiyyət nümayəndələri tərəfindən də özünü büruzə verir. Azərbaycanın hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat da bunun bir parçasıdır. Heç bir əsası olmayan təxribat nəticəsində bu günlərdə Azərbaycanın hərbi qulluqçusu şəhid olub və bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Bu da onu göstərir ki, Azərbaycanın bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirləri Ermənistan üçün ibrət dərsi olmayıb. Ancaq hadisədən dərhal sonra Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüb və düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başlayıb. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirib. Bir sözlə, düşmən başa düşməlidir ki, Azərbaycan əsgərinin ölümü heç vaxt onlara bağışlanmayacaq, artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa bilməz.

Dövlət başçısının üç saata yaxın yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi qətiyyətli fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Müharibə nəticəsində növbəti dəfə erməni vandalizminin şahidi olan beynəlxalq ictimaiyyətə, dünya birliyinə də aydındır ki, Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.