CƏMİYYƏT
Deputat: Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması, yeniləşməni, modernləşməni həyata keçirdiyi siyasətin əsası kimi qəbul etməsi işğaldan azad edilmiş ərazilərimizdə bərpa, quruculuq işləri çərçivəsində həyata keçirilən layihələrdə də özünün aydın ifadəsini tapır. Belə ki, dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq atılan addımlar bir daha ölkəmizin gücünün və qüdrətinin, hansı imkanlara malik olmasının təqdimatıdır. Oktyabrın 17-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri çərçivəsində Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihənin gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcəyi planlaşdırılır. Birinci mərhələdə 450, sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur. Bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq. Göründüyü kimi, azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bu, artıq reallıqdır. Zəngilanda birinci “ağıllı kənd”in inşası başa çatmaqdadır. Tezliklə Ağalı kəndi sakinlərini qarşılayacaq, soydaşlarımızın Böyük Qayıdışı başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov ifadə edib.
M.Həsənov qeyd edib: Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri çərçivəsində təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə, eyni zamanda, Füzuli şəhərinin təqdim olunan baş planına diqqət yetirdikdə bir daha bu ümumiləşdirməni aparırıq ki, hazırda bütün işğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır. Dövlətimizin uğurlu siyasəti nəticəsində qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olunur, vətəndaş amili prioritetliyini qoruyur. Bərpa və quruculuq işlərində vətəndaş məmnunluğunun artırılmasına nə qədər önəm verildiyi özünü qabarıq şəkildə büruzə verir”.
Deputat əlavə edib ki, azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür. Bu da öz növbəsində son illər dövlətimizin başçısının tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dəstək verəcək. Soydaşlarımızın bu torpaqlara Böyük Qayıdışı ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin edəcək və Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranacaq.
“Qürurvericidir ki, dövlətimizin başçısı İlham Əliyev bir ildir qalib ölkənin Müzəffər Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, Qarabağımızın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, müəyyən obyektlərin yenidən bərpa olunduqdan sonra açılışında, həmçinin təməlqoyma mərasimlərində iştirak edir, şəhərlərin baş planı təqdim olunur”, - söyləyən Malik Həsənov qeyd edib ki, Ağdam, Şuşa, Cəbrayıl şəhərlərinin ardınca Füzulinin baş planı təqdim edildi, Prezident İlham Əliyev digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının hazırlandığını bildirdi. Bu mühüm məqamı da qeyd etdi ki, ölkəmiz bütün bu işləri heç kimdən asılı olmayaraq, öz vəsaiti hesabına reallaşdıracaq.
“Prezident İlham Əliyevin Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrün təqdimatında əhəmiyyətli rola malikdir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərdən bəhs edərkən bu reallığa da diqqəti yönəltdi ki, bunları həyata keçirmək üçün, əlbəttə, ötən illər ərzində möhkəm təməl yaradıldı. Torpaqlarımızı azad etmək üçün iqtisadi və siyasi müstəqilliyimiz təmin edildi, ordumuz gücləndirildi, postmüharibə dövründə quruculuq, bərpa işlərini həyata keçirmək üçün texniki imkanlar, kadr potensialı və maliyyə resursları yaradıldı. Azərbaycanın iqtisadiyyatı daim davamlı inkişafı ilə diqqətdədir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı hədəflərə yüksək səviyyədə nail olmağa əsaslar yaradır. Cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Həmçinin Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı dövlətimizin sosial-iqtisadi siyasətinin prioritetlərinə bir daha işıq salır. Bütün planlarımız həyatda öz əksini tapacaq, dövlətimizin başçısının böyük inamla qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək”, - deyə deputat bildirib.