CƏMİYYƏT
Deputat: Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahəyə yönəldilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Ölkəmizdə aparılan daxili siyasətin başlıca istiqamətlərindən biri də sosial siyasətdir. Həmin siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyəti, sosial rifahı dayanır. Ölkə başçısı 18 illik prezidentliyi dövründə bu prinsipə sadiq olduğunu dəfələrlə təsdiqləyib.
Təkcə son bir neçə ilə nəzər yetirsək görərik ki, ölkəmizdə sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlər həyata keçirilib. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib.
Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb. Azərbaycan 2020-ci ildə iki cəbhədə, yəni həm Vətən müharibəsi, həm də koronavirus pandemiyası ilə mübarizə apardı. Lakin buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı. Əksinə, ölkədə bir çox yeni sosial layihələrə start verildi.
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir. Bu Sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Sərəncama əsasən əməkhaqları, pensiya təminatı, təqaüd və digər sosial müavinətlər artırılacaq. Həmin Sərəncam ölkəmizdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bu qədər insanın sosial rifahının yaxşılaşdırılması ümumilikdə bütün vətəndaşlarımızın həyatına müsbət təsir göstərəcək. Çünki onların gəlirlərinin artması, alıcılıq qabiliyyətinin yüksəlməsi xidmət və digər bu kimi sektorlarda çalışan insanların da gəlirlərinin artmasına imkan verəcək. Bu Sərəncam, eyni zamanda, bir daha onu göstərdi ki, ölkə Prezidenti bazarda mövcud olan qiymət fərqlərinin əhaliyə təsirinin neytrallaşdırılması və əhalinin rifahının daha da yaxşılaşdırılması üçün daim mühüm addımlar atır.
S.Hüseynova bildirib ki, son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. Ümumilikdə Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahəyə yönəldilib.