SİYASƏT


Deputat: Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənir

Bakı, 16 may, AZƏRTAC

Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib. Azərbaycan Prezidenti İlham Əliyevin postmünaqişə dövründə sülh və əməkdaşlıq təşəbbüsləri beynəlxalq müstəvidə təqdir olunur. Bu baxımdan, mayın 11-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi diqqəti cəlb edir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ABŞ-ın Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev isə Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu, eləcə də delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibinin müəyyən edildiyini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, hazırkı dönəmdə ən aktual mövzulardan biri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirir, siyasi-hüquqi öhdəliklərinə sadiqdir. Bakı istər sülh müqaviləsinin imzalanmasına, istərsə də sərhədlərin delimitasiyası ilə əlaqədar prosesə hazırdır. Sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

“Əlbəttə, burada dövlətimizin iradəsi həlledicidir. Beynəlxalq birlik Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edib. Yeni əməkdaşlıq mühiti region dövlətləri üçün tarixi imkandır. Əsas məsələ postmünaqişə dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Blinkenin telefon zəngi də bu reallığı ifadə edən mühüm faktlardandır. Bu gün aparılan müzakirələr Azərbaycanın şərtləri diktə etməsi fonunda və təklifləri əsasında davam etdirilir. Üstəlik, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Əsas məqamlardan biri budur ki, regionun bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı məhz Prezident İlham Əliyevlə fikir mübadiləsi aparırlar. Bu da dövlətimizin başçısının beynəlxalq müstəvidə böyük nüfuz sahibi olduğunu bir daha təsdiqləyir”, - deyə S.Fətəliyeva vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.