SİYASƏT
Deputat: Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi Ermənistan üçün qurtuluş ola bilər
Bakı, 22 iyun, AZƏRTAC
Qırx dörd günlük müharibə və siyasi-diplomatik gedişlər Ermənistanın siyasi-ideoloji əsaslarını da məhv etdi. Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfərləri fonunda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə kəskinləşir. Vaxtilə Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, faşizmi Ermənistan dövlətinin ideologiyasına çevirmiş sarkisyanlar, köçəryanlar, bir qrup cinayətkar Qarabağdakı məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
A.Məmmədov qeyd edib ki, iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri çoxsaylı kobud qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət olundu. N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 53,92 faizini qazandı. Məlum olduğu kimi, seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən N. Paşinyanla Xocalı qətliamının iştirakçısı, günahsız soydaşlarımıza qarşı amansız terrorun təşkilatçılarından biri olan Robert Köçəryan hesab olunurdu.
Deputatın sözlərinə görə, Sarkisyan-Köçəryan cütlüyünün bu gün yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Görəsən, bunlar hansı üzlə yenidən Ermənistanın sükanı arxasına keçmək istəyirlər? Diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdılarmı? R.Köçəryanın yürütdüyü siyasətin qurbanına çevrilən erməni xalqı onu yaxşı tanıyırdı.
“Qarabağı işğal etməklə Ermənistanı ağır məhrumiyyətlərə düçar edən Köçəryanın seçkidə qalib gəlməyəcəyi əvvəlcədən gözlənilirdi”, -deyən deputat bildirib ki, erməni xalqı terrora dövlət səviyyəsində dəstək verən, iyrənc siyasət yürüdərək ölkəsini xaosa sürükləyən şəxsə etimad göstərə bilməzdi. Ən əsası ona görə ki, məhz Köçəryanın dövründə Ermənistan acınacaqlı vəziyyətə düşmüşdü. Onun prezident olduğu illərdən Ermənistanda rüşvətxorluq, korrupsiya, qanunsuzluq halları və banditizm çiçəklənib. Bölgədə reallaşan bütün transmilli layihələrdən kənarda qalan ölkəni tərk edənlərin sayı ildən-ilə artıb.
Deputat deyib: “Parlament seçkilərində Köçəryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış Azərbaycanın yaratdığı yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan cəmiyyətinə bildirib ki, dövlətlərini idarə edənlər onları bataqlığa sürükləməkdədir. Məhz bu gün baş verənlər bir daha Azərbaycan Prezidentinin uzaqgörənliyini sübut etdi. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil”.
Onun sözlərinə görə, revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur. Belə vəziyyət isə təbii ki, məğlub Ermənistanda siyasi xaosun daha da dərinləşəcəyindən xəbər verir.
“İllərdir acınacaqlı vəziyyətdə yaşayan sadə ermənilər yaxşı anlayırlar ki, bu durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan da bəhrələnə və ölkədə dinc həyat qura bilər. Yalnız belə olan halda Ermənistan hansısa layihələrə qoşula bilər və iqtisadiyyatında dirçəlmə yaranar. Yəni, Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi Ermənistanın qurtuluşu ola bilər”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.