SİYASƏT


Deputat: Azərbaycanın rəşadətli Ordusu, qəhrəman əsgərlərimiz hər zaman dövlətimizin, xalqımızın keşiyindədir

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixi ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasətin nəticəsində Ordumuzun ilkin bazası, dayaq nöqtələri yaradıldı. Aparılan uzaqgörən siyasət özünü Azərbaycan Silahlı Qüvvələrinin inkişafında, peşəkar heyətin formalaşmasında büruzə verdi. Növbəti illərdə isə bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, dövlət büdcəsində müdafiə xərcləri üçün hər zaman böyük vəsait nəzərdə tutulur, daim ordumuza dövlət tərəfindən diqqət göstərilir və yaradılan şərait müasir ordu quruculuğunun inkişaf etdirilməsi üçün əsas stimul rolunu oynayıb. Məhz bu ordu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı işğaldan azad etdi. Azərbaycan Ordusu bizi arzularımıza çatdırdı, erməni terrorçularını, təxribatçılarını əzəli torpaqlarımızdan qovdu. Eyni zamanda, Azərbaycanın rəşadətli Ordusu “dəmir yumruq” əməliyyatını uğurla həyata keçirdi.

“Azərbaycanın Ordusu hələ 2016-cı ilin aprel ayında ermənilərə yaxşıca “dərs” vermişdi. İlbəil güclənən Silahlı Qüvvələrimizin məhz həmin zəfəri artıq gələcək qələbələrin, müharibə, torpaqlarımızı işğaldan azad etmək üçün tələb olunan tam hazırlıqlı vəziyyətin müjdəsi idi. Aprel döyüşlərindən 4 il sonra növbəti şərait yarandı və Azərbaycan Ordusu bu dəfə əvvəlkindən daha güclü formada nəyə qadir olduğunu, necə peşəkar və qəhrəman olduğunu sübut etdi. Azərbaycan hərbçilərinin, əsgərlərinin əzmi, fədakarlığı nəticəsində 30 illik işğala son qoyuldu. Biz erməniləri torpaqlarımızdan qovduq. Qarabağa Azərbaycan bayrağı sancıldı”, - deyən deputat qeyd edib ki, Azərbaycanın rəşadətli Ordusu, qəhrəman əsgərlərimiz hər zaman dövlətimizin, xalqımızın keşiyindədir. Onlar bizim qürur mənbəyimiz, dayağımız və təhlükəsizliyimizin qarantıdır. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı, uğrunda döyüşdükləri Qarabağ torpaqları işğaldan azad olundu.

E.Musayev əminliklə vurğulayıb ki, Azərbaycan Ordusu bir müddətdən sonra dünyanın ən güclü ordularının sırasında otuzluğa, iyirmiliyə, hətta onluğa daxil olacaq. Biz hamımız buna əminik. Azərbaycan Ordusu peşəkar, mətin və ləyaqətlidir, qəhrəmanlardan ibarətdir. Həmin qəhrəmanlar var olduqca, xalqımızın da ürəyi sakit və arxayın olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.