SİYASƏT


Deputat: Azərbaycanın tarixi Qələbəsi “böyük Ermənistan” xülyasının sonu oldu

Sumqayıt, 16 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan dövlətinin qüdrətli Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti regionda yeni reallığın yaranmasında birbaşa rol oynadı. 44 günlük müharibə ölkəmizin, Ordumuzun tam qələbəsi ilə nəticələndi. Bu, Azərbaycan dövlətinin qısa bir vaxtda öz ərazi bütövlüyünü bərpa etməsi deməkdir. Bu, milyonlarla insanın, hər bir Azərbaycan vətəndaşının Qarabağ həsrətinə, 30 illik işğala son qoyulmasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev söyləyib.

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Yüzlərlə kəndimizin, şəhər və qəsəbələrimizin işğaldan azad edilməsi ilə Müzəffər Ali Baş Komandanımız və şücaətli Ordumuz Ermənistanı diz çökdürdü, kapitulyasiyaya məcbur etdi”, - deyən deputat Azərbaycanın tarixi Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi “böyük Ermənistan” xülyasının sonu olduğunu bildirib. Deputat vurğulayıb ki, yaxın günlərdə Kəlbəcər, Ağdam və Laçının ölkəmizə təhvil verilməsi, Ermənistanla sərhəd bölgələrin Azərbaycan Ordusunun nəzarətinə keçməsi faktiki olaraq işğalçı Ermənistan silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi deməkdir. Reallıq ondan ibarətdir ki, Ermənistanın maraqlarının təmin edilməsi ilə müşayiət olunan 30 il başa çatıb və Azərbaycan tam üstünlük qazanaraq müharibəni udub.

“Digər vacib məqam odur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz müdrik siyasəti sayəsində Kəlbəcər, Ağdam və Laçın rayonlarının döyüşsüz, qan tökülmədən geri qaytarılmasına nail olur. Şuşa şəhəri, Xocavənd, Kəlbəcər, Ağdam və Laçının azad edilməsi ilə Qarabağdakı bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçir.

Eyni zamanda, Qarabağda demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə olacaq və bu, məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması ilə təmin ediləcək. Ermənistanın ərazi iddiaları, öz müqəddəratını təyinetmə ilə bağlı bütün iddialarının əsassız olduğu artıq dünyaya sübut edilib və bütün proseslər yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsasən həyata keçiriləcək”, - deyə Emin Hacıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.