SİYASƏT


Deputat: Azərbaycanlı jurnalistlərin erməni minasının qurbanı olması media azadlığına hücum kimi qiymətləndirilməlidir

Strasburq, 22 iyun, AZƏRTAC

Cari il iyunun 4-də Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirən iki jurnalist ermənilər tərəfindən basdırılmış minanın qurbanı oldular. Jurnalistlərin həyatı üçün təhlükəli olan belə hadisələr media azadlığına hücum kimi başa düşülməli və kəskin şəkildə pislənilməlidir. Çünki sərbəst hərəkət və təhlükəsiz iş obyektiv məlumatların çatdırılması üçün ilk şərtdir.

Müxtəlif ölkələrin media strukturları arasında məlumat mübadiləsi informasiya hüququ ilə yanaşı, media azadlığının təmin olunmasında vacib elementdir. Bu, informasiya məkanının bağlanmasının, eləcə də məlumatın siyasi təcridinin qarşısını alır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “Media azadlığı, ictimai etibar və vətəndaşların bilmək hüququ” adlı məruzənin təqdimatı və onun ətrafında müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib.

Deputat bildirib ki, məruzədə qeyd olunduğu kimi, media azadlığı, eləcə də insanların məlumat almaq hüququ konstitusiyalarda təsbit edilmiş əsas insan azadlıqları ilə əlaqələndirilir. Beynəlxalq sənədlərdə, yerli qanunvericilikdə azadlığa nəzarət etmək hüququnu təmin edəcək və dəstəkləyəcək normalar mövcuddur.

F. Mustafa qeyd edib ki, media azadlığı iqtisadi azadlıqla başlayır. Media iqtisadiyyatı adlanan fenomenin bazar iqtisadiyyatı sistemində istiqamətləndirici xarakter alması artıq dünya həqiqətidir. Dövlət və özəl sektorun reklam sifarişləri medianın müstəqilliyinin təminatı kimi qəbul edilə bilər. Fərqli ölkələrdə reklam bazarının səviyyəsi medianın inkişaf səviyyəsini də müəyyənləşdirir. İnternet dövründə yazılı medianın çevikliyini itirməsi internet medianın fəaliyyət sahəsini genişləndirir.

Deputat mediada peşəkarlığın, eləcə də məlumatın etibarlılığı və alıcının məlumatı düzgün həzm etməsi qabiliyyətinin vacibliyinə də toxunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.