SİYASƏT


Deputat: Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsinə dair Sərəncam məqsədyönlü sosial siyasətin tərkib hissəsidir

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir. Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Dövlət başçısı əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür.

Ölkəmizdə əhalinin aztəminatlı hissəsinin dövlətin həmişə diqqət mərkəzində olduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, hələ 2003-cü ildə yoxsulluğun azaldılması haqqında ilk dövlət proqramı təsdiqlənib, 2008-ci ildə növbəti belə proqram qəbul edilib. Bundan başqa, sahibkarlığın, xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı ilə bağlı qəbul edilərək həyata keçirilən tədbirlərin də əsas məqsədi əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsini gücləndirmək olub.

Aydın Hüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanılıb. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən də aşağıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.