SİYASƏT
Deputat: Beynəlxalq aləmdə hökm sürən hazırkı etimadsızlıq mühitində Azərbaycan-Türkiyə qardaşlığı dünya üçün əsl örnəkdir
Bakı, 26 oktyabr, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mövqe ortaya qoyması regionda yeni əməkdaşlıq mühitinin yaranmasına, formalaşmasına xidmət edən hadisədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.
“Biz oktyabrın 26-da növbəti tarixi anların şahidi olduq. Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı məhz bu günə təsadüf edir. Açılış mərasimində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməsi bir daha göstərir ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı sarılmazdır. Nəzərə alsaq ki, hazırda dünyada ölkələr arasında bir etimadsızlıq mühiti var, Azərbaycan-Türkiyə dostluğu dünya dövlətləri üçün bir örnəkdir. “Dövlətlərarası münasibətlər, əslində, necə olmalıdır” sualına cavab tapmaq üçün dərin xəyallara qapılmağın mənası yoxdur. Azərbaycan-Türkiyə münasibətlərinə nəzər yetirilsə və bu əlaqələr öyrənilsə, eyni qənaət hasil olacaq”, - deyə Milli Məclisin deputatı qeyd edib.
O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin çox böyük inkişaf perspektivləri var. Bizi qarşıda yeni-yeni hədəflər gözləyir. Bütün bunlara çatmaq üçün ölkəmizdə xalq-hakimiyyət birliyi, dövlətimizin başçısının möhkəm siyasi iradəsi var.