SİYASƏT
Deputat: Beynəlxalq ictimaiyyət Edilli kəndində kütləvi məzarlığın aşkarlanması ilə bağlı konkret mövqe ortaya qoymalıdır
Bakı, 5 oktyabr, AZƏRTAC
Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkarlanması faktı Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, erməni separatçı rejiminin silahlı hərbi birləşmələrinin daha bir hərbi cinayətinin göstəricisidir. Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu və buna bənzər onlarla cinayətinə vaxtında lazımi hüquqi və siyasi qiymət verməyib.
Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov AZƏRTAC-a açıqlamasında deyib.
Milli Məclisin deputatı bildirib ki, bu hərbi cinayəti törədənlər qanun qarşısında cavab verməlidirlər. Eyni zamanda, insan hüquqları təşkilatları, beynəlxalq qurumlar, dünya dövlətləri bu vəhşiliyə aydın və konkret münasibət ortaya qoymalıdır: “Artıq müvafiq qurumlar tərəfindən müəyyən edilib ki, 1993-cü ildə əsir düşmüş 25 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib və kütləvi dəfn edilib. Bu “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozulmasıdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu cinayətə etinasız yanaşmamalıdır”.
Soltan Məmmədov vurğulayıb ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirilməyib. Ermənistan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməkdən və zəruri məlumatları təqdim etməkdən yayınmağa çalışır: “Əgər Ermənistan regionda sülhün yaradılmasına səmimi olaraq maraq göstərirsə bu məlumatları niyə təqdim etmək istəmir? Şübhəsiz ki, bunun ən başlıca səbəbi törətdikləri insanlıq əleyhinə yüzlərlə cinayətin ifşa olunması ehtimalıdır. Çünki Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının 700-dən çoxu mülki şəxs, digərləri hərbçilərdir. İtkin düşənlərin 71-i uşaq olub. Bütün bunlar Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin miqyasını görmək üçün kifayətdir”.
Deputat bildirib ki, Azərbaycan bu məsələni daim gündəmdə saxlamağa çalışıb. İtkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsi müxtəlif beynəlxalq platformalarda qaldırılıb. Təəssüf ki, dünya ictimaiyyətinin reaksiyası lazımi səviyyədə olmayıb: “Hesab edirəm ki, beynəlxalq təşkilatların bu məsələnin həllində kifayət qədər aydın və qətiyyətli mövqedən çıxış etməməsi ilk növbədə insan haqlarına hörmətsizlikdir. Müharibədən sonra bir çox şəhər və kəndlərdə, Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Zəngilan rayonlarında azərbaycanlılara məxsus yüzlərlə meyit qalıqları aşkar edilib. Bu insanlara qarşı törədilən cinayətlər cəzasız qalmalı deyil. Beynəlxalq hüquqda bununla bağlı cəza mexanizmləri var, lakin onların praktikada tətbiqi məsələsi bir çox hallarda siyasiləşdirilir. Bu təəssüf doğurur”, - deyə S.Məmmədov vurğulayıb.
Milli Məclisin deputatı deyib ki, Azərbaycan dövləti bu cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunması üçün bütün imkanlardan istifadə edəcək.