SİYASƏT


Deputat: Birgə bəyanatın bütün maddələri Azərbaycanın milli maraqlarını təmin edir

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 10-u Azərbaycanın tarixinə Qələbə günü kimi daxil oldu - bizə qürur və fəxarət yaşadan bir qələbə! Vətən müharibəsi zəfərimizlə başa çatdı və nəhayət, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Müzəffər Ali Baş Komandan başda olmaqla, qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış zəfərlər siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbəni siyasi-diplomatik müstəviyə daşıdı. Müzəffər Ali Baş Komandan xalqa son müraciətində bu məqamı da xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı… Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, bu siyasi qələbənin qazanılmasında hərbi zəfərlərimiz müstəsna rol oynayır. Otuz ildir işğal altında olan torpaqlarımız Azərbaycanın qəhrəman əsgərlərinin gücü, canı, qanı bahasına erməni istilasından xilas edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarını hərbi əməliyyatlarsız qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, Qələbəmizi şərtləndirdi. Azərbaycan illər boyu demək olar bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

T.Cəfərova diqqətə çatdırıb ki, sentyabrın 27-dən etibarən Azərbaycan xalqı tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Hamı bir nəfər kimi yerində əsgər oldu, Müzəffər Ali Baş Komandanın hər müraciətini, hər sözünü birmənalı qəbul edərək öz Liderinin ətrafında “dəmir yumruq” kimi birləşdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz milli məsələlərdə hamımız birləşə bilirik və bizim gələcəyimiz üçün çox önəmlidir.

“Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat bizim şanlı Qələbəmizdir. İmzalanmış bəyanatın bütün maddələri Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. İndi qarşımızda daha iki böyük vəzifə durur: işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazımi infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yurdlarına geri dönməsi. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resursumuz – maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var. Prezident İlham Əliyev dediyi kimi, xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Biz hamımız cənnət guşəmiz olan Qarabağı yenidən dirçəldəcəyik”, - deyə T.Cəfərova diqqətə çatdırıb.

Deputat bildirib ki, xalq nəyi nə zaman və necə etmək lazım olduğunu çox yaxşı bilən Liderinə-Prezident İlham Əliyevə inanır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana, eşq olsun şanlı Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan xalqı!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.