SİYASƏT


Deputat: Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında diqqəti cəlb edən xeyli mühüm məsələlər var. Bunlardan birincisi ondan ibarətdir ki, Vyana danışıqlarından dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü, öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu. Ali Baş Komandanımız bir daha bildirdi ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan qəzetinin" baş redaktoru Hikmət Babaoğlu səsləndirib.

“Dövlətimizin başçısının dediyi kimi bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir əslində işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya yaxud manipuliyasiya etmək cəhdlərinizə Azərbaycan sona qədər dözmək fikrində deyil və Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır. Digər mühüm ismarıc isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində digər bütün faktorlarla bərabər, Aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsilə əlaqədar idi. Prezident İlham Əliyev bildirdi ki, əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür”,- deyə baş redaktor vurğulayıb.

Deputatın sözlərinə görə, Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Bu mühüm əhəmiyyətli fikir həm də o deməkdir ki, bu gün xeyli sayda strateji yüksəkliklər və rayonlar işğal altındadır ancaq buna baxmayaraq, Azərbaycan Ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər. Nəhayət, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

"Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır ki, Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, qadirdir və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq”,- deyə H.Babaoğlu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.