CƏMİYYƏT


Deputat: Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı tarix hamımızın ömründən keçir

Bakı, 12 may, AZƏRTAC

Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının işıqlı sabahına yönəldə bilirlər. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ümummilli lider Heydər Əliyev belə tarixi şəxsiyyətlərdən idi. Ulu Öndərin yaşadığı, yaratdığı tarix müasir Azərbaycanın tarixidir, dövlətçiliyimizin tarixidir. Bu tarix hər bir azərbaycanlının ömründən keçir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli maraqlara uyğun istiqamətə yönəltməyi bacaran ümummilli lider Heydər Əliyev kimi siyasi liderin mövcudluğu olub. Çünki ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.

S.Xasayeva diqqətə çatdırıb ki, məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Ölkəmiz çətin mərhələdə özünün Şərq ilə Qərb arasında körpü funksiyasını bərpa edə bildi.

Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu.

“Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edildi. Sovetlər dönəmində müttəfiq respublikanı azərbaycançılıq ideologiya əsasında idarə etmək böyük risk, güclü, dönməz məntiq, natiqlik qabiliyyəti və bu kimi digər dəyərlər tələb edirdi. Bu səbəbdən Azərbaycanın dinamik inkişafı digər müttəfiq respublikalardan fərqlənirdi.

Bakıda İttifaq miqyaslı sənaye müəssisələrinin yaradılması respublikanın iqtisadi potensialının yüksəldilməsinə xidmət etməklə, minlərlə vətəndaşın iş yerinin təmin olunması demək idi. Ozon zavodu, Məişət kondisionerləri zavodu, Elektron hesablama maşınları zavodu, Radio zavodu Azərbaycana həm İttifaq miqyasında, həm də beynəlxalq aləmdə nüfuz qazandırırdı. Bütün bunlar Azərbaycanı dünyaya tanıdırdı”, - deyə deputat qeyd edib.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan mədəniyyətinin böyük hamisi olduğunu bildirən S.Xasayeva qeyd edib ki, repressiyaya məruz qalmış Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, paytaxtda Nəriman Nərimanovun, Nəsiminin, Cəfər Cabbarlının və digər elm, incəsənət xadimlərinin heykəllərinin ucaldılması Ulu Öndərin mədəniyyət sahəsinə diqqət və qayğısının təzahürü idi.

S.Xasayeva vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu Azərbaycanın inkişaf strategiyasının hədəflərindən biri də Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi idi. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Vətən müharibəsi müstəqillik illərində əldə edilmiş milli birliyimizin, mənəvi-ideoloji vəhdətimizin ən dəyərli sərvətimiz olduğunu əyani şəkildə göstərdi.

“Həyatını Azərbaycanın inkişafına həsr edən Ulu Öndərin ruhu şaddır. Azərbaycanımızın ərazi bütövlüyü, Şuşada, işğaldan azad edilən digər ərazilərimizdə qürurla dalğalanan üçrəngli bayrağımız dünya xalqları arasında layiqli yerimizin olduğunu göstərir. Biz xoşbəxt xalqıq. Qürurluyuq ki, Azərbaycan vətəndaşlarıyıq”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.