SİYASƏT


Deputat: Doğma Şuşamız tezliklə regionun ən gözəl məkanlarından birinə çevriləcək

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər. Dövlətimizin başçısı və Birinci vitse-prezident Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlqoymasında iştirak ediblər. Prezident İlham Əliyevin Şuşaya səfəri bütün dünyaya, o cümlədən torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış ermənilərə mühüm mesajdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F.Yıldırım bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyirdi. Bu gün dövlətimizin başçısı bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad etdi. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, çox önəmli bir mesaj idi və bu gün biz buna nail olmuşuq. Biz, eyni zamanda, Şuşanın yenidən təkcə Azərbaycanın yox, Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk.

Deputatın sözlərinə görə, Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Bu səfər zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri bərpa olundu. Vaxtilə işğal altında olan bu abidələr düşmən gülləsi ilə dəlik-dəlik edilmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, onlar erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr məxsus olduğu Şuşaya qaytarıldı. Əminəm ki, dahi Üzeyirin, Bülbülün, xan qızı Natəvanın ruhları şaddır.

“Artıq Şuşanın bərpası prosesinə başlanılıb. Bir şuşalı kimi inanıram ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Prezidentin də vurğuladığı kimi, əziz Şuşa, biz səni dirçəldəcəyik!”, - deyə Fatma Yıldırım vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.