SİYASƏT


Deputat: Düşmən unutmasın ki, onun qarşısında güclü Azərbaycan Ordusu var

Bakı, 23 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli fikirlər səsləndirdi. Dövlətimizin başçısı çıxışında xatırlatdı ki, Heydər Əliyev amili uzun müddət erməniləri öz çirkin məqsədlərini reallaşdırmağa imkan verməyib. Bu, bir həqiqətdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat deyib ki, əgər sovet dövründə ulu öndər Heydər Əliyev hakimiyyətdə olmasaydı, ermənilər çoxdan Azərbaycana qarşı ərazi iddialarına başlayardı. Erməni əhalisi bizim doğma torpaqlarımızda yaşaya-yaşaya bizə qarşı açıq aşkar irqçilik nümayiş etdirməkdən çəkinmirdilər. “Mənim uşaqlığım, yeniyetməlik illərim ata-baba yurdum Qarabağda keçib. Xatırlayıram ki, ermənilər bizi “tork”, yəni türk deyərək çağırır və nifrətlərini gizlətmirdilər. O vaxt erməni uşaqları bizimlə ünsiyyət qurmaq istəmir, birlikdə oyun oynamırdılar. O dövrlərdə biz uşaq şüuru ilə buna, əlbəttə ki, bir məna verə bilməzdik. Lakin Qarabağ hadisələri, Xocalı soyqırımı göstərdi ki, bu davranışlar uzun illərdir ermənilər tərəfindən gizli aparılan irqçiliyin təzahürü idi”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirən deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti yarıtmaz vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Paşinyan səriştəsiz adamdır və onun dövlət idarə etmək, normal danışıqlar aparmaq təcrübəsi yoxdur. Görünən odur ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. O, təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır. Danışıqlar prosesinin formatını dəyişdirmək cəhdi, işğal olunmuş torpaqlarımıza qanunsuz səfərləri və səsləndirdiyi destruktiv bəyanatlar, Tovuz istiqamətində hərbi təxribat və həyat yoldaşı Anna Akopyanın şou xarakteri daşıyan hərəkətləri onu göstərir ki, Paşinyan qətiyyən sülh danışıqlarının tərəfdarı deyil. Ümumiyyətlə, tarixən ermənilərin vətəni olmayıb. Onlar azərbaycanlıların torpaqlarını zəbt etmək hesabına özlərinə “vətən” yaratmağa çalışıblar”.

Deputat deyib ki, beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı və son dövrdə açıq şəkildə nümayiş etdirdiyi təxribatçı əməllərinə hələ də adekvat münasibət bildirmir. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyəti narazılıq doğurur. Görünən odur ki, Minsk qrupu və həmsədrlər münaqişənin ədalətli həlli istiqamətində əməli addımlar atmaq istəmirlər. Bir sözlə, Azərbaycan xalqının ATƏT-in Minsk qrupuna etibarı və inamı tamamilə itib. Onların fəaliyyəti ancaq münaqişənin uzadılmasına xidmət edir. Ermənilər və onların havadarları hesab edirlər ki, məsələnin həlli uzandıqca bəlkə də Azərbaycanda yetişən yeni nəsil Qarabağı unudacaq. Lakin onlar yanılırlar.

“Təcavüzkar Ermənistan bilməlidir ki, bura bizim dədə-baba torpaqlarımızdır, Qarabağda köklərimiz çox dərindir. Biz heç vaxt bir qarış torpağımızı da düşmənə vermək niyyətində deyilik. İyul ayında baş verən Tovuz hadisələri bir daha göstərdi ki, 30 ilə yaxın vaxt keçsə belə, xalqımız əzəli torpaqlarımızın düşmən tapdağı altında qalması ilə barışmayıb və onun azadlığı uğrunda döyüşmək üçün, sadəcə, Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycan xalqı bilir ki, Ermənistan yeni təxribatlara hazırlaşır və beləliklə, yeni torpaqlar işğal etməyə cəhd göstərir. Lakin ermənilər unutmasınlar ki, onun qarşısında güclü Azərbaycan Ordusu var və yeni təxribat cəhdi onların sonu olacaqdır”, - deyə Fatma Yıldırım qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.