SİYASƏT


Deputat: Ermənilər Mahatma Qandinin heykəlini yandırmaqla bütün hind xalqını təhqir etdilər

Bakı, 1 may, AZƏRTAC

Erməni vandalizmi sərhəd tanımır. Bu proses xalqların qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib və Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik nadir abidələrə bu cür barbar münasibəti dünya irsinə qarşı yönələn təhdiddir. Əfsuslar olsun ki, erməni vandalizmi təkcə xalqımızın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlməyib. Erməni vandalları keçmiş sovet dönəmində İkinci Dünya müharibəsi (1941-1945) dövrünə həsr olunmuş monumentləri məhv etdikləri kimi, Hindistanın milli və dini lideri Mahatma Qandinin heykəlinin yandırılmasını da özlərinə rəva görüblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Hindistanın Azadlıq Hərəkatının siyasi və dini lideri, erməni yalanlarına heç vaxt dəstək verməyən Mahatma Qandinin heykəlinin yandırılmasının bir daha erməni gəncliyinin faşizm ruhunda tərbiyə olunduğunu sübut etdiyini vurğulayan A.Məmmədov deyib: “Bu hörmətsizlik ermənilərin “çörəyi dizinin üstündə olan” xalq olması ilə bağlı başqa tarixi hadisələri də yada salır. Çünki onlar Njdenin ideyaları əsasında tərbiyə olunurlar. Görünür, faşist Njdeyə abidə qoyacaq qədər azğın mahiyyətə sahib erməni cəmiyyəti üçün hind xalqı ilə dostluq da heç bir anlam daşımır. İndiki Ermənistan üçün yüz illərdən bəri Hindistana sığınan çox sayda erməninin orada zəngin evlər, villalar tikib, milyonlara sahib olub, firavan həyat sürməsi də yaddan çıxır”.

Deputatın sözlərinə görə, erməni vandalizminin yeni təzahürü kimi çıxış edən bu hadisə ermənilərin xəstə təxəyyülə malik olmasının göstəricisidir. Otuz ilə yaxın bir dövrdə Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı min illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız da zərər görüb. Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələr tamamilə dağıdılıb. Hətta bəzi dini abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı torpaqlardakı abidələr, o cümlədən digər mədəniyyət obyektləri dağıdılıb, təmir adı altında statusu dəyişdirilib, təhqir olunub.

“Bütövlükdə, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün dünya mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir. Qarabağın tarixinin düşünülmüş şəkildə məhv etməyə cəhd göstərilməsi, bölgənin talan edilən mədəniyyət abidələri ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki ölkəmizin, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir”, - deyə A.Məmmədov qeyd edib.

Deputat vurğulayıb ki, ermənilər Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və azərbaycanlıların dostu, soyqırımı əleyhdarı adlandırdıqları Qandinin İrəvandakı heykəlini yandırmaqla hind xalqına, onun liderinə və tarixinə hörmətsizlik etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.