SİYASƏT


Deputat: Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması prosesini Prezident İlham Əliyev idarə edir

Bakı, 24 may, AZƏRTAC

Brüsseldə növbəti görüş Azərbaycanın haqlı maraqları baxımından kifayət qədər əhəmiyyətli oldu. Aprel ayının 6-da keçirilən görüşdən sonra Azərbaycanın mövqelərinin daha güclənməsini şərtləndirən elementlərin meydana gəldiyini qeyd etmək olar. Brüsseldə baş tutan ikinci görüşlə üçüncü görüş arasındakı zaman kəsiyində Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, regionda sülhün və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüslər irəli sürür, real addımlar atır.

Bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu söyləyib.

Deputat bildirib ki, ikinci görüş zamanı Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üçün aprelin sonunadək işçi komissiyanın yaradılması ilə bağlı razılıq əldə edilmişdi. Azərbaycan tərəfi əldə edilmiş razılığa uyğun olaraq komissiyanın tərkibini müəyyənləşdirsə də, Ermənistan hansısa texniki səbəbləri əsas gətirərək razılaşdırılmış müddətdə komissiyanın tərkibini formalaşdırmadı. Ermənistan tərəfinin sonradan irəli sürdüyü təkliflər də nümayiş etdirdi ki, sülh sazişini imzalamaqdan yayınmaq üçün hələ də cəhdlər göstərir. Bu isə növbəti dəfə nümayiş etdirdi ki, Ermənistanın mövqeləri təhlükəsizlik üçün təhdidlər yaratmaqda davam edir. Deməli, sülh sazişinin imzalanması prosesinin uzanmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür. Müvafiq olaraq ona təzyiqlərin edilməsi haqqında düşünmək lazımdır.

Sonuncu görüş bir daha göstərdi ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü təkliflər əsas götürülür. Ermənistanın irəli sürdüyü təkliflərdən bəziləri ətrafında, ümumiyyətlə, müzakirə aparılmadı. Belə ki, Ermənistan Qarabağda yaşayan ermənilərin statusunun müəyyənləşdirilməsi istəsə də, status məsələsi, ümumiyyətlə, gündəmə gətirilmədi. Ermənilərin hüquqların və təhlükəsizliyinin təmin olunması məsələsi vurğulandı. Bu isə təbii ki, Azərbaycanın özünün hər zaman dəstəklədiyi mövqedir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hüquqları qorunur və onlar tam təhlükəsizlik şəraitində yaşamaqdadırlar. Hesab edirəm ki, dünyada bununla bağlı aydın təsəvvürlər mövcuddur. Bundan başqa, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi postmünaqişə reallıqlarının Avropada qəbul olunduğunu bir daha göstərdi. Bu, həm də ona dəlalət edir ki, Azərbaycan özünün güc mövqeyində daha da möhkəmlənib və onun mövqeləri ilə hesablaşırlar.

E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, tezliklə sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyanın ilk birgə iclasının keçiriləcəyinin anonsunun verilməsi görüşün əhəmiyyətini göstərən ən mühüm amillərdən biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Ermənistan dövlət sərhədlərinin dəqiqləşdirilməsi sülhün ilkin şərtidir və sonrakı proseslərin hərəkətverici elementidir. Bu məqamı Azərbaycan həmişə qabardıb. Nəhayət, bu istiqamətdə hərəkətlənmənin olması təbii ki, Azərbaycanın iradəsinin göstəricisidir. Prosesləri Azərbaycan Prezidenti İlham Əliyev idarə edir. Ermənistan isə dövlətimizin başçısının idarə etdiyi proseslərin təsiri altında davranmaqdadır. Regionda kommunikasiyaların açılması, beynəlxalq daşımaların tənzimlənməsi üçün şərtlərin müəyyənləşdirilməsinin vacibliyinin vurğulanması ümumilikdə sülhə aparan mühüm məqamlardır. Eyni zamanda, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin reallaşdırılması məsələsinin müzakirə predmeti olması Azərbaycanın strategiyasının işləkliyinə dəlalət edir. Belə ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatı imzaladıqdan sonra sənəddə göstərilən maddələrə uyğun addımlar atmağa başladı. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində də fəallıq nümayiş etdirdi, ilkin infrastruktur işləri görməyə başladı. Lakin Ermənistan yenə də pozucu mövqe nümayiş etdirərək, Zəngəzur dəhlizinin açılmasından yayınmağa cəhdlər göstərdi. Belə olan halda, Azərbaycan İranla qonşu ölkənin ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması haqqında razılaşma imzaladı. Bununla da Ermənistanın təzyiq aləti əlindən çıxmış oldu. Bunun nəticəsidir ki, görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi yenidən vurğulandı. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə müzakirələrin genişləndirilməsi haqqında da razılıq əldə olundu. Ümumiyyətlə, sonuncu Brüssel görüşü mahiyyət etibarilə Azərbaycanın təşəbbüslərinin tam dəstəkləndiyini göstərdi. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyinin təmin olunması üçün kifayət qədər münbit şərait yaradıb. Bu şəraitdən yararlanaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və yekun sülh sazişinin imzalanması bundan sonrakı mərhələdə Ermənistanın davranışlarından asılı olacaq. Avropa İttifaqı da öz növbəsində regionda sülh və əməkdaşlıq istəyirsə, Ermənistanın davranışlarını nəzarətdə saxlamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.